`Abid Şərifov çıxış yolunu telefonu qapatmaqda gördü`

Bəhruz Məmmədov: ``Mənə `hara müraciət edirsən et, sənin səsini artıq batırmışıq` cavabını verirlər`

"Sovetski"də köçürülmə əməliyyatı zamanı Yasamal rayonu, S.Əsgərova küçəsi-9/96 ünvanda yaşayan İsmayılova Ceyran İfit qızının hüquqları kobud şəkildə pozulub. Belə ki, Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış komissiya ona verilməli olan kompensasiyanı tam ödəməyib. 
 
Şikayətçinin hüquqi nümayəndəsi Bəhruz Məmmədov Ceyran İsmayılovanın üzləşdiyi problemlə bağlı Prezident İlham Əliyevə və KİV-ə müraciət ünvanlayıb.
 
B.Məmmədov  "Bizim Yol"a bildirdi ki, o bu problemlə bağlı dəfələrlə Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və Yasamal rayon İcra Hakimiyyətinə (RİH) müraciət edib: "Çox təəssüf ki, bu günə kimi qanunsuzluqlar davam edir. 
 
Hüquqlarını müdafiə etdiyim Ceyran İsmayılovanın mülkiyyətində olan ikimərtəbəli, 156 kvadratmetr yaşayış sahəsinin 110 kvadratmetri üçün 1000 manatdan, qalan hissəsi üçünsə 1500 manatdan kompensasiya ödənilib. Prezident İlham Əliyev 2012-ci il 16 aprel tarixində Nazirlər Kabinetində keçirilən müşavirədə "təyinatından və hüquqi statusundan asılı olmayaraq hər kvadratmetr tikiliyə 1500 manat ödənilməsi" barədə göstəriş verib. Prezidentin bu çıxışından sonra Köçürülmə komissiyasının sədri Abid Şərifov da bütün KİV-lərdə və "Sovetski" sakinləri ilə keçirilən görüşlərdə bu məzmunda çıxışlar edib. Mən altı ay ərzində hüquqi nümayəndə olaraq, bu fikri yazılı və şifahi formada Yasamal RİH nəzdində yaradılmış işçi komissiyasının üzvlərinə çatdırsam da, onlar belə bir çıxışın, tapşırığın, göstərişin olmadığında israr edirdilər. Komissiyaya rəhbərlik edənlər tərəfindən təqib və təzyiqlərə məruz qaldığımdan, müdafiə etdiyim vətəndaşın hüquqi müdafiəsindən geri çəkildim. Ancaq mülkiyyətçinin mənə "Sən komissiya rəhbərləri ilə "bazarlıq" edib, mənim mülkiyyətimi batırdın. "Satılmadığımı" sübut etmək üçün mənə olan təhdid və təzyiqlərdən çəkinmədən yenidən İsmayılovların hüquqlarını müdafiə etdim".
 
B.Məmmədov bildirir ki, bir müddət sonra işçi komissiyanın sədri Səməd İslamov mətbuata müsahibəsində təyinatından və hüquqi statusundan asılı olmayaraq, bütün tikililərin hər kvadratmetrinə 1000 manatdan, qalan hissəsi üçünsə 1500 manatdan kompensasiya ödənildiyini açıqlayıb. 
 
"Onu da bildirim ki, köçürülmə xərcləri kimi hər bir mülkiyyətçiyə 400 manatın ödənilməsi nəzərdə tutulub, amma bu ödəniş də "Sovetski" sakini Ceyran İsmayılovaya ödənilməyib. Bildirim ki, Yasamal RİH-i nəzdində yaradılmış işçi komissiyasının rəhbərlərindən, Maliyyə Nazirliyinin məsul işçisi Cavanşir Yusifov dəvət olunduğum komissiyanın iclasından birində hamının qarşısında bildirdi ki, "Sizə ödənilmiş məbləği geri qaytarın, sonra biz qəbul etdiyimiz qərar barədə məlumat verərik". Bu qərarın nədən ibarət olacağı bizə məlum deyil. Bizə məlum olan 55.000  manatın qeyri-müəyyən taleyidir. Qanunsuzluqlarla bağlı dəfələrlə Baş nazirin müavini Abid Şərifovun köməkçisi Sabutay adlı şəxslə əlaqə saxlayıb ondan kömək istəmişəm. İlk əvvəllər Abid Şərifov mənə kömək edəcəyini vəd etsə də, sonradan problemi ona xatırladanda çıxış yolunu telefonu qapatmaqda gördü. Bundan sonra Nazirlər Kabinetinə hər ay üçün müəyyən olunmuş qəbul günlərində qəbula yazılsam da, Abid Şərifov tərəfindən qəbul edilmədim. Lakin Abid Şərifovun şəxsi tapşırığı ilə Maliyyə Nazirliyinin Aydın Hüseynov adlı əməkdaşı mənimlə əlaqə saxlayaraq evlə bağlı müvafiq sənədlərin Yasamal RİH nəzdində yaradılmış işçi komissiyasına təqdim edilməsini tapşırıb. Ona qədər tələb edilən qaydada bütün "Sovetski" sakinləri kimi sənədləri 3 nüsxədə, paket şəklində təqdim etdik və həmin sənədlərə uyğun olaraq, adı şəkilən komissiya tərəfindən qiymətləndirilmə və digər proseduralar həyata keçirilib. Biz də mülkiyyətçi olaraq qiymətləndirmənin ədalətsiz, qanunazidd, Prezidentin rəsmi göstərişinin əleyhinə olaraq həyata keçirildiyini nəzərə alaraq şikayətçiyik", deyə B.Məmmədov bildirdi. 
Hüquq müdafiəçisi onu da dedi ki, hara müraciət edirsə, müraciətləri şikayətçi olduqları Yasamal RİH-i nəzdində yaradılmış işçi komissiyasına qaytarılır: "Onlar isə bundan ruhlanaraq məni məzəmmət edir və "Get hara şikayət edirsən et. Sənin səsini eşidən olmayacaq. Çünki sənin səsini biz artıq batırmışıq" cavabını verirlər. 
 
Bildirim ki, mülkiyyət hüququ pozulmuş İsmayılova Ceyran İfit qızının köməksiz, mənzilsiz qalmış 13 nəfərlik ailə üzvü var. Bizə ödənilməyən 55.000 manatın ödənilməsini tələb edirik".