Abid Şərifovun səlahiyyətləri artırılır

Azərbaycanda 2015-2024-cü illəri əhatə edəcək milli strategiya hazırlanıb.
“Digesta” hüquq firmasının direktoru, ekspert Ərşad Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı milli strategiya və proqramın layihəsi 2014-cü ilin payızında hazırlanıb: “Bu il ərzində strategiya və proqramın prezident sərəncamı ilə təsdiqlənməsi gözlənilir.
Milli strategiyada Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin daha yüksək səviyyəyə qaldırılması nəzərdə tutulub.
Yol infrastruklturunun yaxşılaşdırılması, sürücülərin maarifləndirilməsi, sərxoşluqla mübarizə, yol hərəkəti təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi bu strategiyada öz əksini tapacaq.

Proqramda nəzərədə tutulan məqsədlərdən biri 10 ildən sonra yol qəzalarında ölənlərin və xəsarət alanların sayını 30% azaltmaqdır. Bu o deməkdir ki, Azərbaycanda il ərzində təxminən 100 min nəfərə 12 adam yol qəzasında ölür. Bu proqramla həmin rəqəmi 8 nəfərə qədər aşağı salmaq nəzərdə tutulur”.
Ekspert qeyd edib ki, yol hərəkəti qaydaları ibtidai siniflərdən başlayaraq tədris olunacaq: “Yol hərəkətinə nəzarətdə texniki vasitələrin artırılması nəzərdə tutulur. Yollarımızın hər yerində radarlar olacaq, kameraların sayı artırılacaq. Maarifləndirmə ilə bağlı xüsusi işlər görüləcək. Dövlət televiziyalarında yol hərəkəti ilə bağlı gündəlik verilişlər yayımlanacaq. Konsepsiyada əsas məsələlərdən biri orta məktəblərdə aşağı siniflərdən başlayaraq yol hərəkəti qaydaları ilə bağlı dərsliklər olacaq”.
Ə.Hüseynov bildirib ki, imzalanması gözlənilən sərəncamla Abid Şərifovun səlahiyyətləri daha da artırılacaq: “Proqramın reallaşmasında əsas iş Azərbaycan Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının üzərinə düşəcək.

Komissiya Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərir, komissiyanın sədri baş nazirin müavini Abid Şərifovdur. Bu komissiyanın səlahiyyətləri genişləndiriləcək. Bundan başqa əsas icra edici orqanlar olan Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, müəyyən hallarda Fövqəlası Hallar Nazirliyi də proqramın reallaşdırılmasına cəlb olunacaq”. /