Ali Rəhbər `7 Tir` şəhidlərinin ailələri ilə görüşdə mühüm bəyanatla çıxış edib

Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Xamenei şənbə günü "7 Tir" və "Hərəm Müdafiəçiləri" şəhidlərinin ailələri ilə görüşdə şəhidlərin səylərini və onların ailələrinin səbrini alqışlayıb, onları quruluşun iqtidarının dayaqları adlandırıb.

Ali Rəhbər bu görüşdə İranın yeganə inkişaf yolunu inqilabçı ruhiyyəsinin dirçəlişində gördüyünü bildiib.

 Ayətullah Xamenei çıxışının əvvəlində İmam Əlinin (ə) şəhadət günləri münasibəti ilə başsağlığı verib, o həzrəti bəşəriyyət tarixinin ən böyük şəhidi və mehrab şəhidi adlandırıb, daha sonra İslam Respublikası partiyasının ofisində baş vermiş partlayışdan 35 ilin keçdiyini xatırladıb və deyib: "Bu cinayəti törədənlər İrandan qaçdıqdan sonra, illərdir ki, terrorizm dəstəkləyicisi və insan haqlarını müdafiəsi iddiasında olan Qərb dövlətlərinin himayəsi altındadırlar".

Ali Rəhbər bu məsələni Avropa ölkələri və Amerika üçün böyük bir rüsvayçılıq adlandırıb və deyib: "Bu terrorçular xalqı və hətta İslamı müdafiə iddiası ilə İran xalqının mübarizələrinə daxil olmuşdular. Amma, daha sonra "7 Tir" hadisəsi və sivil əhalinin terror edilməsi kimi cinayətlərə yol verdilər və sonda Səddam kimi bir şəxsin kənarında yer aldılar. İndi isə Amerikanın himayəsi altındadırlar".

 Ayətullah Xamenei "7 Tir" (27 iyun 1981) hadisəsini böyük dərslərə və ibrətlərə malik olan bir hadisə adlandırıb, İslam İnqilabı ilə əlaqədar olan mühüm hadisələrin və o dövrün şəhidlərinin tanıtdırılmasında yol verilən səhlənkarlıqları qınayaraq, deyib: "35 il sonra hələ də bu barədə böyük bir əsər yoxdur və bu hadisənin bu günə qədər yaşadılmasında təsirli olan amil sadəcə xalqın inqilabçı ruhiyyəsidir".

27 iyun 1981-ci ildə İslam Respublikası partiyasının Tehran ofisində baş verən güclü partlayış nəticəsində İranın Ali Məhkəməsinin sədri Ayətullah Seyid Məhəmməd Hüseyni Beheşti 72 tanınmış siyasətçi və din xadimi ilə birlikdə şəhid oldu. Elə bu münasibətlə 21-27 iyun İran təqvimində Məhkəmə Hakimiyyəti Günü olaraq qeyd olunub.
 Ayətullah Xamenei daha sonra Əhl Beyt (ə) hərəmlərini müdafiə məsələsinə və "Hərəm Müdafiəçiləri" şəhidləri haqqında deyib: "Bu məsələ tarixin maraqlı və əcaib hadisələrindən sayılır. Gənclər İrandan və digər ölkələrdən güclü iman ilə öz həyat yoldaşları və övladlarından, rahat yaşamlarından keçərək, qərib bir ölkədə Allah yolunda mübarizə aparır və bu yolda şəhid olurlar".

Ali Rəhbər İŞİD kimi təkfirçi terrorçu qruplaşmaların formalaşdırılmasını İslam Quruluşunun önünü kəsmək üçün istifadə edilən kobud metodlardan adlandırıb və bildirib: "İraq və Suriyada təkfirçi terrorçu qruplaşmaların formalaşdırılmasında əsas məqsəd İrana hücum etmək idi. Amma, İran İslam Respublikası quruluşunun qüdrəti bu planın elə İraq və Suriyada ilişib qalmasına səbəb oldu".

Ali Rəhbər həmçinin, Bəhreyn başçılarının mübariz alim Şeyx İsa Qasıma qarşı təzyiqlərini onların çaşqınlıq əlaməti adlandırıb və deyib: "Şeyx İsa Qasım elə bir şəxsdir ki, Bəhreyn xalqını hazırkı zamana kimi,radikal və kəskin hərəkətlərdən çəkindirdi. Amma, Bəhreyn başçıları başa düşmürlər ki, bu mübariz alimə təzyiq göstərmək, Bəhreynin coşqun gənclərinin hökumət əleyhinə istənilən hərəkətə əl atmaları qarşısındakı maneənin aradan qaldırılması deməkdir".