Anar Məmmədovun milyarderlə şərikli mehmanxanası tezliklə açılacaq

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Qarant-Holdinq”in prezidenti Anar Məmmədovun Bakıdakı  33 mərtəbəli hotelinin tikintisi sürətlənib. Məlumatlara görə, son bir ayda paytaxtın Babək prospekti yaxınlığında (“Bazar Store” marketi ilə üzbəüz) tikilən mehmanxanada xeyli iş görülüb və indi binanın içərisində və fasad ətrafında tamamlama işləri görülür. 
 
Əvvəl  “Baku Towers” adlanan mehmanxana sonradan Məmmədovların amerikalı milyarder şəriki Donald Trumpun istəyi ilə  “Trump Towers” olaraq dəyişib. Ultra-lüks nömrədən və 189 qonaq otağından ibarət olacaq hotel Dubaydakı kimi yelkənli qayıq formasındadır. Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən “Mixity Design Ltd” şirkəti tərəfindən hazırlanıb. Hotelin əsas səhmdarlarından biri Anar Məmmədovdur və tikilini onun şirkəti həyata keçirir. 
 
Yeni tikilən hotelin Bakı Yay Olimpiya Oyunlarınadək istifadəyə veriləcəyi planlaşdırılıb. Amma belə görünür ki, Məmmədovlar neft böhranına baxmayaraq, binanı daha tez təhvil vermək niyyətindədirlər. Çünki cəmi üç aydan sonra Bakıya Avropa və dünyanın bir çox ölkələrindən minlərlə adam gələcək. Bu isə “Trump Towers”in həm tanınması, həm də təbii ki, qazanc əldə etməsi üçün yaxşı şansdır. Tikintidə işləyən bir qaynağımız deyib ki, Məmmədovlar tez-tez buraya baş  çəkir və işlərin may ayınadək başa çatmasını istəyirlər.
 
Qeyd edək ki, bir neçə ay əvvəl milyarderin qızı, “The Trump Organization”in vitse-prezidenti İvanka Trump  Bakıda olub və tikinti meydançasına şəxsən baş çəkib. 1981-ci ildə anadan olan amerikalı xanım biznesmen olmaqla yanaşı yazıçıdır, böyük bir var-dövlətin varisidir, üstəlik, keçmiş modeldir. 
 
Bu hotel istifadəyə verildikdən bir il sonra “Trump Hotel Collection”a məxsus hotellər şəbəkəsinə qoşulacaq. Vaşinqton və Vankuverdə, eyni zamanda Rio de-Janerio-da bu şəbəkədən olan hotellərdə hazırda tikinti işləri gedir. 
 
Yeri gəlmişkən, Respublikaçılar Partiyasının üzvü olan Donald Trump 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə namizədliyini vermək niyyətindədir.