Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 17

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 
 
17-ci hissə
 

Alimlərdən alınan ilahi əhd-peyman – Əmirəlmöminin Əlinin (ə) hakimiyyəti qəbul etməsinin ən mühüm səbəbi

Üçüncü səbəb isə daha önəmlidir.

وَ مَا أَخَذَ اللَّهُ عَلَى الْعُلَمَاءِ أَنْ لَا يُقَارُّوا عَلَى كِظَّةِ ظَالِمٍ وَ لَا سَغَبِ مَظْلُومٍ

“Zalımın doyması və məzlumun ac qalması ilə razılaşmaması üçün Allah-Taalanın alimlərdən aldığı əhd olmasaydı...”

Əmirəlmöminin Əli (ə) Allah-Taalanın alimlərdən, ayıq insanlardan aldığı əhd-peymanı xatırladır və bu əhd-peyman çox sadə və iki kəlmədən ibarətdir:

أَنْ لَا يُقَارُّوا عَلَى كِظَّةِ ظَالِمٍ وَ لَا سَغَبِ مَظْلُوم

Allah-Taalanın alimlərdən və ayıq insanlardan aldığı əhd-peyman budur ki, onlar zalımların toxluğu, zülmə məruz qalanların isə aclığı müqabilində susmasınlar. Bu, bir əhd-peymandır. Zalımların qarınlarını həddən artıq doldurması və məzlumların ac qalmasının mənası nədir? Bu, simvolikdir, yəni ictimai təbəqələşmə, ictimai hüquq məsələlərində ayrı-seçkilik; başqa sözlə, cəmiyyətdə bir qrupun rifahda, digər bir qrupun isə məhrumiyyətdə yaşaması deməkdir. Əmirəlmöminin Əli (ə) buyurur ki, alim və ayıq insanlar belə bir vəziyyətlə üzləşdikdə, susmağa haqları yoxdur. Mən də cəmiyyətdə belə bir vəziyyətlə üzləşdim. İndi ki köməkçi və tərəfdarım var, mənə təklif edilən bu vəzifəni icra edə bilərəm. Odur ki, başqasına həvalə etmirəm, sükut edə və rahat otura bilmərəm. Əmirəlmöminin Əlinin (ə) hakimiyyətə gəlməkdə məqsədi bu idi. O Həzrətin qəlbi və ruhunda azacıq belə maddi və bəşəri səbəblər, daha dəqiq ifadə etsək, şəxsi maraqlarla bağlı səbəblər yox idi. Düşüncəsi yalnız insanlar üçün və onların xeyrinə idi. Bir an özünü düşünmürdü, bütövlükdə fikri-zkiri xalq idi.

Baxın, qeyd edilən səbəbdə əhd alan Allah-Taaladır; əhd alır ki, xalqı düşünməlisən. Əmirəlmöminin Əli (ə) buyurur ki, xalqı düşündüyüm üçün hakimiyyəti qəbul etdim. Yəni, Allah-Taala belə buyurmuş və əmr etmişdir. Bəziləri (sanki Əmirəlmöminin Əlidən (ə) daha artıq dindarmışlar kimi) özlərini müqəddəsbazlığa vuraraq belə deyirlər: “Xalqa xatir iş görmək olmaz, yalnız Allaha xatir işləməlisən.” Onlar elə təsəvvür edirlər ki, “Allaha xatir ilə xalqa xatir” arasında fasilə var, halbuki heç bir fasilə yoxdur. Elə həmin Allah buyurur ki, Əli ibn Əbutalib kimilər xalqa xatir, xalqın və Allahın bəndələrinin xeyrinə mütləq bir iş görməli və zülm qarşısında sükut etməməlidir. Burada azacıq belə şəxsi maraq, eqoistlik yoxdur, hər nə varsa, başqalarının xeyrinə görədir.

Dünyapərəst zümrələrin əhd-peymanlarını pozması

Əmirəlmöminin Əli (ə) bu məqsədlə hakimiyyət və rəhbərliyi qəbul edir.فَلَمَّا نَهَضْتُ بِالْأَمْرِ نَكَثَتْ طَائِفَةٌ – Hakimiyyət işlərini ələ aldıqda, bir qrup mənimlə əhd-peymanını pozdu. Keçmişdə yaxşı insanlardan, Allah yolunda mübariz və mücahidlərdən, xeyir işlərdə öndərlərdən sayılan və daim Əli ibn Əbutaliblə (ə) birgə əllərinə qılınc alıb Allah düşmənlərinə qarşı döyüşən, eyni zamanda, sükut edənlərdən bir dəstə əhd-peymanına sadiq qalmadı. Aman bu xüdbinliklərdən, bu sükutlardan, bu quru görüntülərdən! Belələri hər gün bir şeyə ehtiyac duyurlar; yaxşı və haqq bir iş görən bir şəxsiyyət kimi görünmək istəyirlər. Xalqın bir günlük ehtiyacını təmin etdiyi üçün ertəsi gün onun da öz ehtiyacının ödənməsini istəyir. Beləliklə, davamlı olaraq digər ehtiyaclarının təminini tələb edir. Sonra isə bir günlük ehtiyacı təmin etdiyi üçün insanların yaddaşında müqəddəs və möhtərəm bir sima olaraq qalmaq istəyir və bir addımına görə, çiynindən digər vəzifələrin götürüldüyünü təsəvvür edir. Bu isə fəsad, azğınlıq və irticaçılığın başlanğıc nöqtəsidir. Peyğəmbəri-Əkrəm (s) isə hər günün öz vəzifəsini yerinə yetirirdi. Əmirəlmöminin Əli (ə) də belə idi. Halbuki Təlhə ilə Zübeyr fərqli idi. Bir gün vəzifəsi Peyğəmbəri-Əkrəmin (s) yanında qılınc çalmaq idisə, qılnc çalırdılar, özü də çox gözəl qılınc çalırdılar. Amma sonralar İslam cəmiyyəti azğınlıq və irticaçılığa döndükdə, həm özlərini, həm də başqalarını inandırdılar ki, onlardan heç bir məsuliyyət ummasınlar. Öz şəxsi həyatlarının, rahatlıqlarının və xoş güzəranlarının ardınca getdilər, başqaları kimi, dünyanın nemətləri, bərbəzəyi ilə məşğul oldular, qəlblərini əkin sahəsinə, at, qatır və dəvə tövləsinə bağladılar:

ده بود آن نه دل که اندر وی      گاو و خر باشد و ضیاع و عقار

“İnək, ulaq, mal və mülkün saxlanıldığı yer qəlb deyil, kənddir.” Bir qəlbdə ki, əkin sahəsindən, inək və dəvədən, onların adı və sevgisindən başqa, heç bir şey görmürsən, o, del (qəlb) yox, dehdir (kənddir). Mənim nəzərimcə, kəndin adi yerləri yox, tövləsidir. Bax, onlar belə idilər. Onlar keçmiş iftixarlarından sui-istifadə etməyə, “Fılan yerdə və fılan meydanda Peyğəmbərlə (s) birgə olan biz idik, fılan işi biz gördük və sairə!” – deməyə başladılar. Bəs, bu gün nəyiniz var? Əgər bu karvanı, bu avtomobili, bu yükü, bu arabanı məqsədə çatdırmaq lazımdırsa, hələ məqsədə çatmayıb və onlar nə üçün öz yerində qalıb? Hər dəfə bir addım irəli getmək üçün bir hərəkət, bir güc, bir təkana ehtiyac olur. Hər addımda hərənin çiyninə bir məsuliyyət düşür. Sən (bir dəfə) bir yerdə gücünü göstərmisənsə, bu o demək deyil ki, bu yolu sona kimi rahat şəkildə qət etməlisən, hətta mindiyin arabanın başqaları tərəfindən itələnməsini istəyirsən, bunu düşünməyinə səbəb isə haçansa onu itələyən ilk şəxs olmağındır. Bu isə həssas və ayıq bir cəmiyyətin mübtəla olacağı ən böyük təhlükədir. Osmanın hakimiyyəti dövründə inqilabi şüur və ruhiyyyə insanlarda zəifləmişdi, başa düşmürdülər ki, Təlhə Təlhədirsə, özü üçündür. Allah üçün bir bəndə, cəmiyyət üçün isə bir əsgər olmalıdır. Təlhə özü və sahib olduqlarının idarəsi üçün Təlhədir; anlamırdılar ki, Zübeyr üçün Peyğəmbərin (s) əmisi oğlu olması başqa işlərdə yox, yalnız irs-mirasın bölgüsündə dərdə dəyir.

Təlhə, Zübeyr, Əbdürrəhman ibn Ovf, Səd ibn Vəqqas və digər keçmiş əsgərlər, keçmiş ruzigarın fədakarları özlərinə təsəlli verirdilər ki, döyüş meydanından, Allaha şükürlər olsun, salamat çıxmışıqsa, çəkdiyimiz zəhmət və əziyyətlərin müqabilində ayaqlarımızı uzadıb bunun qarşılığını ala bilərik. Bu cənabların qıraq-bucaqda çoxlu pulları, qızılları və mülkləri var idi. Haradan qazanmışdılar? Əl qabarı, alın təri iləmi? Xeyr! Ad-san, titul, medal və iftixarlarla, “fılan vaxt, fılan yerdə fılan işi görən biz idik” deməklə! Yazıq camaat da onları görmüşdü, amma bunun yanlış olduğunu anlamamış, Allahın bəxş etdiyi islami həssaslıq və şüurdan məhrum qalmışdı. Belə məsələləri anlaya bilmirdilər. Əlbəttə, indiki dövrümüzdən çox-çox yaxşı idilər.

Bir sözlə, onlar Osmanın hakimiyyəti sayəsində bu iftixarlardan bəhrələndilər. Nəhayət, Əmirəlmöminin Əli (ə) hakimiyyətə gəldi. Onlar o Həzrəti tanıyırdılar. Əgər tanımasaydılar, bu tezliklə razılaşmazdılar. Amma tanıyırdılar.

Onlar camaatın o Həzrətin evinə toplaşdığını, bir rəhbər və xilaskara olan təbii istək və ehtiyacını, habelə rəhbərliyə layiq xüsusiyyətlərə sahib yeganə xilaskar şəxsiyyətin Əmirəlmöminin Əli (ə) olduğunu və onun evinə axışdığını gördükdə, çaşbaş qalmışdılar.

Bilmirdilər ki, camaata “ay camaat, bizim qapımıza toplaşın” desinlər, yoxsa indiki siyasətin tələbinə əsasən, camaata qoşulub Əmirəlmöminin Əli (ə) ilə beyət etməyə getsinlər? Sonunda onlar da beyət etməyə getdilər və beyət etdilər. Amma Əmirəlmöminin Əlinin (ə) qanuna riayət etmək və Allah yolunda heç nədən çəkinməməkdə ciddi və qətiyyətli bir əsgər olduğunu yaxşı bilirdilər. “Biz səninlə əmi oğluyuq, keçmiş dostuq, axı bizim də haqqımız var, camaat bizdən sonra müsəlman oldu, onların nə haqqı var ki?” – kimi sözlərlə Həzrətə yanaşmaq istəyirdilər, lakin bunlar o Həzrətə əsla təsir göstərməzdi. O Həzrət bu sözlərə aldanmazdı. Buyurur ki, çıxın gedin. Əmirəlmöminin Əli (ə) onlardan daha ayıq idi. Onlar siyasətçi olsalar da, Əli (ə) onlardan da siyasətçi idi. Onlar Əmirəlmöminin Əli (ə) ilə ilkin danışıqlarında o Həzrətə yavaş-yavaş başa salmaq istəyirdilər ki, biz hazırıq, səninləyik, amma bir sıra şərtlərimiz var; bizi nəzərə al və haqqımızı qoru! İşarə ilə “Bizi yanında saxlasan, xeyrinədir!” – sözünü çatdırmaq istəyirdilər. Əmirəlmöminin Əli (ə) də onların nə üçün gəldiklərini bilirdi. Onların təklif və danışıqlara gəldiyi gecə Əmirəlmöminin Əli (ə) də onların özü kimi, bir işarə ilə başa salır ki, çıxın gedin, burada belə şeylərdən xəbər yoxdur. Belə ki, Həzrət çırağı söndürür. Həzrətdən: “Çırağı nə üçün söndürdün?” – deyə soruşduqda, buyurur ki, bu, “beytül-mal”dır, istəmirəm boş yerə yansın.[1] Yəni, buyurun, təşrif aparın! Siz “beytül-mal”a görə gəlibsiniz, ona görə ağzınızı açıb ciblərinizi doldurmaq istəyirsiniz. Gedin! Mən “beytül-mal”dan olan bir şamın boş yerə, birgə oturub vaxtımızı tələf etmək, bir-birimizin əhvalını soruşmaq üçün yanmasına belə razı deyiləm. Onlar bunu görüb anladılar ki, Əli ibn Əbutalibin cərgəsində Əmmar kimilər döyüşməli, zəhmət çəkməli, işləməlidirlər. Onlar Əli ibn Əbutalibin yanında ağalıq edə bilməyəcək, başda oturub əmr və qadağalar verə, yaxşı yeyib-içə, yaxşı geyinə, yaxşı yığa bilməyəcəklər. Gördülər ki, Əli (ə) ilə bir yerdə yaşamaq çətindir. Odur ki, tamahkarlıq, hərislik, dünyapərəstlik məqsədilə o Həzrətdən ayrıldılar və onunla müharibəyə başladılar.

Xəvaric zümrəsi – Ələvi hakimiyyətinin qarşısındakı çətinliklərdən biri

مَرَقَتْ أُخْرَى

Bəziləri dindən çıxdılar. Birinci zümrə mənimlə beyətini pozdu, ikinci zümrə isə dindən çıxdı; yəni bir qrup kamandan çıxan ox kimi, sürətlə dindən çıxdı. Onların necə dindar olduğu məlumdur. Əmirəlmöminin Əli (ə) bu cümləni Təlhə ilə Zübeyr haqqında işlətməsə də, onların dindarlığına da şəhadət vermir. Lakin xəvaricin dindən çıxmasından qabaq dindar olduğuna şəhadət verir və buyurur ki, onlar dindən xaric oldular. Məlum olur ki, onlar dindar, dinə etiqadlı və dini hökmlərə bağlı imişlər. “Xüms ver” dedikdə, xüms verir, “həccə get” dedikdə, həccə gedir və nə deyirdinsə, dinlə əlaqəli olduğu üçün yerinə yetirirdilər. Elə isə belələrinin eybi nədir? Eybi bu idi ki, başa düşmür, dərhal aldanırdılar, ayıq deyildilər. Eybi bu idi ki, Əlinin (ə) verdiyi qılıncla Əlinin (ə) başına zərbə vurdular. Eyibləri bu idi! Bu isə, Təlhə və Zübeyrdən də pisdir. Nəhrəvanın bu dırnağarası müqəddəsbazlığı Təlhə və Zübeyrdən də təhlükəlidir. Nə üçün? Çünki Təlhə ilə Zübeyrin döyüş meydanının ortasında birdən qəlbləri titrəyir: “Ay aman! Əli iləmi döyüşürük?” Zübeyr döyüş əsnasında meydanı tərk edir, Əli (ə) ilə döyüşdüyünü anlayır, döyüşmək istəmir və geri dönür. Amma nadan, quru dindar, gözübağlı, tovlanmış, öz xilaskarı olan Əli ibn Əbutalibi özünə və dinə düşmən hesab edən, yanlış düşünən, döyüş meydanında tərəddüd etmədən وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَى“Ey Rəbbim! Məndən razı qalasan deyə, Sənə doğru tələsdim!”[2] – deyərək, Əliyə (ə) qarşı çıxan bir şəxs (xəvaric zümrəsindən biri) əlindəki nizəni Zübeyrin qarnına sancır və onu qətlə yetirir. Hələ وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَى“Ey Rəbbim! Məndən razı qalasan deyə, Sənə doğru tələsdim” – ayəsini də dilində təkrarlayaraq bu işə əl atır.[3] Başına daş düşsün, Allaha doğru yox, Cəhənnəmə doğru tələsdin. Bax, onların eyibləri bu idi!

Bəli, dindar, müqəddəs, mömin, xoşəxlaq, ibadət və raz-niyaz əhli! Eyni zamanda nadan, barbar, savadsız dindar! İmam (ə) buyurur:

المُتَعبِّدِ بِغَيرِ عِلمٍ كَحِمارِ الطّاحونَةِ

“Elmsiz ibadət edən şəxs dəyirman ulağı kimidir.”[4]

Bu heyvan (dəyirman daşının ətrafında) dayanmadan yeriyir, hərəkət edir, əgər düz yolda yerisəydi, Bəlxi, Buxara və Səmərqəndi belə keçib getmişdi. Amma yazıq altı aydan sonra gözün açıb elə ilk gündə hardaydısa, elə olduğu yerdə də dayandığını görür. İmam (ə) burada təşbih edir və buyurur ki, elmsiz, savadsız, düşüncəsiz, azad düşüncəsiz, ayıq qəlbsiz Allaha ibadət edən şəxs də eynilə belədir, irəli addımlamayacaq (öz yerində sayacaq). Açıqdüşüncəli, ayıq, başa düşən və yaxud başa düşməyə can atan, öz hökm və əməllərində, dostluq və düşmənçiliyində şüur və düşüncəsindən bəhrələnən, insanları, məktəbləri, sözləri Quran və İslam meyarları ilə dəyərləndirən, qəbul olunası olduqda, gözünün üstünə qoyan, əksinə olduqda, inkar edən, Allaha ibadət etdikdə irəliləyən bir şəxs, sanki sürətli yarış atına minən şəxs kimi aydın məqsəd və yola doğru sürətlə can atır.

İkinci zümrə də bunlar idi; bu bədbəxt nadanlar Əli (ə) ilə döyüşdülər. Öncə onlarda baş qaldıran bir qəflət və yanlışlıq nəticəsində Müaviyəyə aldandılar. Həmin Müaviyə sınaqdan keçirilmişdi, Əlinin (ə) ordusunda hamı onu yaxşı tanımalı və bilməliydi ki, Quran və İslamın adı onun üçün oyun-oyuncaqdan başqa, bir şey deyil. Müaviyənin ordusu Quranları nizəyə vurub qaldırdıqda, bu nadan müqəddəsbazlar tir-tir titrəməyə, “Vay Quran!” – deməyə başladılar. Onlar Əlini (ə) mühasirəyə alıb qılınclarını çəkdilər və dedilər ki, mütləq Müaviyə ilə sülh etməlisən. Nə üçün? Axı indiki Müaviyə ilə dünənki Müaviyə arasında nə fərq var? Axı, nə üçün dünən düşmən və onunla döyüşülməsi vacib olan Müaviyə ilə bu gün sülh etmək, barışmaq lazımdır? Axı, nə baş berib? Dedilər: “Olmaz ki, olmaz, mütləq onunla sülh etməlisən, çünki Quranı nizələrə taxıb!” Axı, onun bu işi yalandır, fırıldaqlıqdır, o, sizi aldadır, Qurana inanmır, onun əlində alətə çevrilməyin, onun xeyrinə addım atmayın! Nə faydası! Düşüncə yanlışdır, barbarcasınadır, fikirləşmək istəmir. Elə bu səbəbdən də səhv və xətaya düşərək Əli (ə) ilə münasibətini pozur.

Qasitin və zülmkarlar – Əmirəlmöminin Əlinin (ə) hakimiyyətinin çətinliklərindən biri

Amma üçüncü zümrə; وَ قَسَطَ آخَرُونَ – başqa bir qrup zülm etdi. Zülmə köklənmiş əyan-əşraf və kübar təbəqənin adamları Əli (ə) ilə bir araya gələ bilməzdilər. Təkcə Əli (ə) ilə deyil, hətta Quranla da razılaşa bilməzdilər. Onlar ataları, cəbhə yoldaşları və Məkkədə digər bir meydanın dostları və həmpiyalələri bu Quran, İslam və namazla döyüşmüş həmin kəslər idi. İndi isə onun üstündən bir müddət keçdikdən sonra həmin elita və kübar kontingent İslam və Quran bayrağı, “Allaha yalandan bəndəçilik” adı ilə çox gözəl və rahatlıqla istədiklərini əldə edə biləcəklərini gördükdə, zahirdə bu dinin üzvlüyünü qəbul etmiş və müdafiəsi üçün can yandırmışlar. Odur ki, qəlbləri imandan, ruhları iynə ucu qədər dindən xəbərsiz idi. Bu da bir zümrə!

İlahi hakimiyyət müqabilində üç maneə

Beləliklə, unutmayın ki, Allaha xatir və Allah yolunda təşkil olunan hökumətlər, yaxud belə bir hökumətin təşkili istiqamətində çalışan xalqların qarşısında maneçilik törədən üç qrup vardır:

1. Birinci qrupa bir gün belə hökumətin yaranmasına meyilli olduqlarını bildirən, indi də həmin adı daşıyan, lakin büllur saraylar və dəbdəbəli villalardan aşağı düşməyə ürəkləri gəlməyən, oradan bir addım belə çıxmayan, əlavə zəhmət çəkmək istəməyən, indiyə qədər gördükləri ilə kifayətlənən və bununla özlərini əyləndirən kəslər daxildir.

2. Mürtəce, təəssübkeş, ruhiyyəsiz, barbar və nadan insanlar ikinci qrupa aiddir, onlar hər an və hər zaman müqəddəs işlərə maneçilik törədən ən böyük maneələrdən biridir. Onlar qəflətdə olduqları, düşünmədikləri, göz və qulaqları bağlı olduğu, Quranın tövsiyələrinə əməl etmədikləri üçün Əliyə (ə) və hakimiyyətinə, hər bir müqəddəs işə maneçilik törədənlərdir.

3. Müxalifətçilik edən əsas və önəmli qrup üçüncü qrupun üzvlərdir; onların təbəqəsi və mövqeyi İslam kimi bir məktəbi qəbul etməyə icazə vermir. Bütün dövrlərdə bu tip insanlar peyğəmbərlər və Allahın saleh bəndələri ilə döyüşmüş, onların qanlarını axıtmışlar. Əlbəttə, bu qrupun üzvləri bir gün küfr, başqa bir gün İslam libasında görünsələr də, hər iki halda həqiqət və mahiyyəti eynidir. Bu gün dünyaya baxsanız, dünyanın hər tərəfində haqqı-həqiqəti aşılayan düşəncələrə qarşı çıxan hegemon qüdrətlərin bəziləri məsihilər kimi müəyyən dinin adını və simvolunu daşıyanlar, bəziləri də ateistlər kimi din-məzhəbin adı və dəyərlərini inkar edənlərdir. Hər ikisi ayrı-ayrı sima olsa da, mahiyyətcə eyni, iki libasda bir bədən, iki boğazda bir səsdir. Əmirəlmöminin Əlinin (ə) zamanı da bu qəbildən idi.

Qeyd edilənlər “Şiqşiqiyyə” xütbəsinin bir hissəsi idi.

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi Əlinin (ə) adı və fikri ilə tanış et; bizi onun həqiqi şiələrinin sırasında olanlardan et; bizi onun düşmənləri, müxalifləri və yoluna qarşı çıxanları sırasında yerləşdirmə; onun düşmənlərini məğlub və zəlil et; həqiqi düşmənlərini dost libasında olsalar da, bizə tanıtdır!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizə açıq göz, oyaq qəlb və ayıq ruh mərhəmət et!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, müsəlmanları tənəzzülə, süstlüyə və qəflətə aparan, onları Qurandan uzaqlaşdıran əlləri qır!

İlahi! Müsəlmanlar arasında vəhdət, həmrəylik və mehribanlıq yarat; düşmənlərini hər libasda olsalar da, məğlub və həlak et!

İlahi! Bizi Əlinin (ə) vilayəti ilə yaşat, onun vilayəti ilə öldür!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi Əlinin (ə) şagirdləri kimi yaşat və onlar kimi öldür!

İlahi! Aqibətimizi xeyirlə sona yetir!

İlahi! Mövlamızın zühurunu tezləşdir!

 

Ardı var.. 
 
Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 
 

[1]. “Əl-mənaqibul-Murtəzəviyyə”, səh.35.

[2]. “Taha” surəsi, ayə 84.

[3]. “Biharul-ənvar”, c.33, səh.355.

[4]. “Qurərul-hikəm”, səh.116.