Azərbaycana könüllülər tələb olunur

Avropa Oyunları milli mətbəximizin tanıdılması baxımından yaxşı fürsətdir. ANS TV-nin məlumatına görə Bakıda keçiriləcək ilk Avropa Olimpiya oyunlarında iştirak etmək üçün paytaxtımıza 6 mindən çox idmançı gələcək. Onların oyununu izləmək üçün azı bir o qədər turistin də gələcəyi gözlənilir. Təbii ki, turistlərin və idmançıların rahatlığını təmin etmək üçün onların nəinki qalmaq yerlərini, həmçinin yemək, gəzmək kimi ehtiyaclarını da ödəmək vacibdir. Amma paytaxtda fəaliyyət göstərən restoranlar və kafelərdə milli mətbəximizin nümunələrinə az rast gəlinir. Ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi bu cür böyük idman yarışı milli mətbəximizin tanıdılması baxımından çox gözəl imkandı. Burada gələn qonaqların da yemək zövqünün nəzərə alınması vacibdir. 
 
Baş kulinar Tahir Əmiraslanovun sözlərinə görə, öz qida mühitini dəyişən idmançıların yanında onların öz aşbazlarının gəlməsi və hər bir ölkənin idmançılarına hansı restoranların qulluq edəcəyi əvvəlcədən müəyyənləşməlidir. 
 
Avropa Oyunlarında digər bir məqam, gələn qonaqlarla onların dilində danişa bilən, qonaqları bütün tədbirlərdə izləyən şəxslərin olmasıdır. Dünya təcrübəsində könüllü kimi tanınan bu şəxslər əsasən gənclərdir. Onlar ya turizm institutu ya da digər xarici dilləri tədris edən universitetlərin tələbələrindən ibarət olur. Təmənnasız çalışan bu gənclər daim qonaqların yanında olmaqla həm təcrübə qazanır həm də yeni dostlar qazanmış olurlar. 
 
Gələn il keçiriləcək ilk Avropa Oyunlarına 1000-dən çox könüllü tələb olunur və müəyyən tələblərə cavab verən şəxslər 2015 -ci ildə dünyada ilk dəfə keçiriləcək Avropa Oyunlarının bir üzvü ola bilər.