Azərbaycanda avqustun 30-na keçən gecədən hava şəraiti dəyişəcək, temperatur enəcək

Avqustun 29-u gecə saatlarından başlayaraq Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur nisbətən enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ilkin proqnoza əsasən avqustun 29-dan 30-na keçən gecədən başlayaraq paytaxt Bakıda cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəzlənəcək. Avqustun 30-u hava küləkli olacaq.

Sentyabrın ilk günləri də daxil olmaqla avqustun 30-dan başlayaraq hava nisbətən sərinləşəcək, temperatur enəcək.

Avqustun 29-na kimi isə isti hava şəraiti davam edəcək.

Qeyd edək ki, bu gün Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcə isti proqnozlaşdırılıb.

Azərbaycanın əksər rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti qeyd edilib. /