Azərbaycanda şagirdlərə planşetlər paylanacaq

Tezliklə Azərbaycan Təhsil sistemi daha bir yeniliyə imza atacaq. Şagirdlərə dərsliklərlə yanaşı planşetlər də paylanacaq. Belə bir qərar məktəblilərin informasiya-kommunikasiya texnologiyalarından daha geniş istifadəsi səbəbindən baş verib.
 
Bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirinin müavini Ceyhun Bayramov deyib. Onun sözlərinə görə bunun üçün ilk növbədə dərlsliklər elektron variantı hazırlanmalıdır.
 
“Artıq ölkədə VI siniflər üçün bütün əsas dərsliklərin elektron versiyaları hazırlanıb və şagirdlərin, müəllimlərin istifadəsinə veriləcək. Hər bir kəs istənilən yerdə həm məktəbdə, həm evdə, həm məktəb kitabxanasında internet qoşulması ilə elektron dərsliyi yükləyə və oxuya bilər”- deyə Ceyhun Bayramov bildirib.
 
Bu ilin dekabr ayına kimi VII siniflər üçün əsas dərsliklərin hamısının elektron versiyaları, II və III siniflərin hər biri üzrə isə 5 dərsliyin elektron versiyası hazırlanacaq. Əlavə olaraq şagirdlərin özlərini qiymətləndirmə üsullarının elektron versiyaları, “Coğrafiya” və “Tarix” fənləri üzrə əlavə tədris resursları hazırlanır.