Azərbaycanda 7 nəfərin öldürüldüyü dəhşətli olayla bağlı

Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər həlak olub.
 
Bir müddət əvvəl Goranboy rayonunda 7 nəfərin öldürüldüyü olayla bağlı araşdırmaları Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparacaq. 
 
Maide.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Goranboy rayon Prokurorluğunda başlanmış cinayət işinin materialları Bakıya gətirilib və istintaq burada davam etdiriləcək.
 
Qeyd edək ki, oktyabrın 1-nə keçən gecə Goranboy rayonunun Səfikürd kəndində dəhşətli qətliam törədilib. Kənd sakini Hüseynov Rafiq Müzəffər oğlunun həyat yoldaşı ailə münaqişəsi zəminində evdən atasıgilə gedib. Bundan sonra R.Hüseynov tüfəng və əl qumbarası götürərək qayınatasının evinə gəlib. Burada o, qapının bağlı olduğunu görüb və həyət qapısından keçərək evə doğru gəlib və qaynını çağırıb. Evdən R.Hüseynovun qayını Natiq Məmmədov çıxıb və onlar mübahisə etməyə başlayıblar. Mübahisə zəminində R.Hüseynov qaynına və digər bir şəxsə tüfənglə atəş açıb. Daha sonra otaqdan səs-küyün gəldiyini görən R.Hüseynov bir neçə nəfərin ona tərəf irəlilədiyini zənn edərək otağa qumbara atıb. Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər həlak olub.
 
Qətlə yetirilən şəxslər bunlardır:
 
1958-ci il təvəllüdlü Məmmədova Diləzbər Alı qızı
1983-cü il təvəllüdlü Məmmədova Fərqanə Allahyar
1951-ci il təvəllüdlü Məmmədova Ofelya İsa qızı
1963-cü il təvəllüdlü Məmmədova Həvayət Xanlar qızı
1984-cü il təvəllüdlü Hüseynova Südabə Allahyar qızı
1989-cu il təvəllüdlü Məmmədov Namiq Allahyar oğlu
2011-ci il təvəllüdlü Məmmədov İsa Elvin oğlu.
 
R.Hüseynov qumbaranın ona Qarabağ müharibəsində iştirak etmiş qardaşından qaldığını deyib. Qardaşı 2005-ci ildə intihar etdikdən sonra qumbara Rafiqdə qalıb.
 
Qeyd edək ki, R.Hüseynovun qətlə yetirdiyi şəxslər onun yaxın qohumlarıdır. Südabə Hüseynova isə onun həyat yoldaşı olub.
 
Hadisə nəticəsində yaralanan Günel Məmmədova əməliyyat olunmaq üçün Bakıya gətirilib. Hazırda o paytaxt xəstəxanalarından birində müalicə olunur.