Azərbaycanda yəhudi muzeyi tikilir

Azərbaycanda ilk Yəhudi muzeyinin tikintisinin 2015-ci ildə başa çatacağı gözlənilir.
 
AzərTAc xəbər verir ki, bu muzey Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) təşəbbüsü ilə yaradılır.
 
Yəhudi Xəbər Agentliyinin (YXA) saytında yerləşdirilmiş “Müdrik qərar” sərlövhəli məqalədə bu barədə ətraflı məlumat verilir.
 
Əvvəlcə nəzərdə tutulurdu ki, Yəhudi muzeyi Qırmızı Qəsəbədəki altıgünbəzli ikimərtəbəli tarixi binada yerləşəcək.
 
Qırmızı Qəsəbə dağ yəhudiləri dini icmasının idarə heyətinin sədri Boris Simanduyev YXA-ya müsahibəsində deyib: “İlin isti vaxtında – bahardan Tişrey ayındakı bayramlar başa çatana qədər dua mərasimləri altıgünbəzli sinaqoqoqun binasında icra edilir, payızın axırlarında, qışda və baharın əvvəlində isə dindarlar Qəsəbənin mərkəzində tikilmiş birmərtəbəli Qilyaki sinaqoqunun binasında toplaşaraq Ulu Tanrıya dua edirlər. Buna görə də altıgünbəzli sinaqoqun ilin yalnız yarısı ərzində fəaliyyət göstərməsinə baxmayaraq bu tarixi binadan orada Yəhudi muzeyinin yerləşdirilməsi üçün istifadə etmək o qədər də uğurlu qərar olmazdı”.
 
İcma və STMEQİ fondu müdrik və ölçülüb-biçilmiş qərar qəbul ediblər: Muzey binası Qəsəbədəki Qilyaki sinaqoqundan cəmi 50 metr aralıda, üçüncü tarixi sinaqoqun yerində, yəni praktiki olaraq Cənubi Qafqazın bu nadir yəhudi məskəninin mərkəzində tikilir.
 
Boris Simanduyev daha sonra deyib: “Müəlliflər tarixi sinaqoqun memarlıq imkanlarından maksimum istifadə ediblər –ibadətxana və muzeyin ekspozisiya zalları binanın birinci mərtəbəsində, konfrans zalı və digər texniki otaqlar isə “sıfırıncı” mərtəbədə yerləşəcək”.
 
İcmanın sədri vurğulayıb: “Azərbaycan Yəhudi muzeyinin yaradılması ilə bağlı işlərin maliyyə xərclərini tanınmış yəhudi mesenatı German Zaxaryayevin rəhbərlik etdiyi STMEQİ fondu öz üzərinə götürüb, lakin İcmanın üzvləri Fonda əllərindən gələn köməyi göstərməyə həmişə hazırdılar, çünki Allahın köməyi ilə Azərbaycanda ilk Yəhudi muzeyinin yaradılması respublikadakı bütün yəhudilər üçün olduqca vacib məsələdir”. /