Azərbaycan dünyada ən çox jurnalistin həbsdə yatdığı 10 ölkədən biridir

2014-cü ildə dünyada 220 jurnalist həbsdədir. Bunu Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dekabrın 17-dəyaydığı hesabatda deyir. Qurum bildirir ki, həbsdəki jurnalistlərin sayı ötən illə müqayisədə 9 nəfər artıb.
CPJ 1990-cı ildən bu hesablamanı aparır və bildirir ki, 220 rəqəmi bu 14 ildə ikinci böyük rəqəmdir. Üstəlik, Çin, Efiopiya, Birma və Misir kimi avtoritar hökumətlərdə artım var.
Çində ötən il həbsdəki jurnalist sayı 31 idisə, bu il 44 olub. Bu, prezident Xi Jinping-in media, hüquqşünaslar, dissidentlər və akademiklərə təzyiqini əks etdirir. Jurnalistləri həbsə atmaqdan savayı, Pekin nəyin işıqlandırıla bilməsinə dair qaydaları sərtləşdirib, xarici jurnalistlərə viza verməkdən imtina edib. Etnik azlıqlarla bağlı məsələlər də həssas mövzuya çevrilib.
CPJ İran prezidenti Hassan Rouhaniadministrasiyasının da mətbuata qarşı repressiv tədbirləri saxladığını bildirir. Ancaq bu il İranda həbsdəki jurnalistlərin sayı 30-a düşüb, ötən il 35, 2012-ci ildə isə 45 idi.
Dünyada jurnalistləri ən çox həbsə atan 10 ölkənin siyahısında daha sonra bu adları oxuyuruq: Eritrea, Efiopiya, Vyetnam, Suriya, Misir, Birma, Azərbaycan və Türkiyə.
 Azərbaycanda ötən ildəkindən bir nəfər artıq, yəni 9 jurnalist həbsdədir. CPJ yazır ki, ənənəvi mediaya təzyiqlər fonunda, bəzi fəallar dövlət mediasına alternativ yaratmaq üçün sosial şəbəkələrə üz tutublar. CPJ-nin siyahısına bu il Azərbaycanda həbsə atılmış azı 4 fəal daxil deyil. Onlar facebook qrupları yaratmaq və idarə etdiklərinə görə həbsə atılırlar. Həmin səhifələrdə bu şəxslər və digərləri insan haqları pozuntuları və korrupsiya iddiaları barədə xeyli şərhlər və xəbərlər yerləşdiriblər.
Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə heç kəsin ifadə azadlığına görə həbs olunmadığını, konkret cinayətlərə görə tutulduğunu deyir. Rəsmilər Azərbaycanda ifadə və digər təməl insan hüquqlarının tam təmin olunduğunu vurğulayır. azadliq /