Azərbaycanda “Təhlükəsiz iş ongünlüyü” elan olundu

2015-ci ilin yanvarın 26-dan fevralın 5-dək Azərbaycanda “Təhlükəsiz iş ongünlüyü” elan olunub.
 
Bu barədə Maide.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
 
Bu barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə ongünlüyün keçirilməsi ilə bağlı müvafiq Tədbirlər Planının təsdiq edildiyini bildirdi.
 
F.Əlizadə qeyd edib ki, “Təhlükəsiz iş ongünlüyü”nün keçirilməsində məqsəd işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olmaq, əməyin mühafizəsi sahəsində mövcud olan nöqsanların aradan qaldırılmasını və istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etməkdir.
 
Xidmət rəisi əlavə edib ki, bu tədbir işəgötürənlərin və işçilərin, ümumən cəmiyyətin diqqətini əməyin təhlükəsizliyi problemlərinin ciddiliyinə yönəldilməsini nəzərdə tutur:
 
“Ongünlük ərzində müvafiq qurumların nümayəndələrinin iştirakı ilə tikinti və sənaye müəssisələrində, iş qəzaları riskinin böyük olduğu digər istehsalat sahələrində əməyin mühafizəsi ilə bağlı dövlət nəzarəti tədbirləri həyata keçiriləcək. Cənab Prezidentin müvafiq Sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi nəzərə alınaraq, dövlət nəzarəti tədbirləri kənd təsərrüfatı subyektlərini də əhatə edəcək. Dövlət nəzarəti tədbirləri nəticəsində müəssisələrdə əməyin mühafizəsi sahəsində aşkar edilən nöqsanların aradan qaldırılması üçün konkret tədbirlər görüləcək”.
 
Xatırladaq ki, bundan öncə DƏMX tərəfindən ölkəmizdə ilk dəfə olaraq ötən ilin sentyabrında “Təhlükəsiz iş həftəsi” elan edilib.