Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib

Avqustun 23-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.
 
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 14,85 ton meyvə, tərəvəz, ağartı, bostan məhsulları və s. təklif olunurdu.
 
Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıqlarını bildirirdilər.
 
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov bildirdi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 25-30, yumurtanın 1 ədədi 7 qəpiyə və s. satılır.
 
Şənbə günü Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə Sabirabad, Quba, Göyçay, Gədəbəy, Kürdəmir, Bərdə, Xaçmaz rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 124,4 ton meyvə-tərəvəz, bostan məhsulları, mal və qoyun əti, ağartı, göyərti və digər kənd nemətləri çıxarılmışdı.
 
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vidadi Bayramov məlumat verdi ki, yarmarkada bütün növ kənd təsərrüfatı məhsulları vardır. Satışa çıxarılan məhsullar arasında mövsümə uyğun kənd nemətləri, o cümlədən kələm, yerkökü, çuğundur, bibər, alma, armud, üzüm, gavalı, göyərti, xüsusilə qarpız, yemiş və digər məhsullar üstünlük təşkil edir. Meyvə-tərəvəzlərdən kartof, lobya, badımcan, soğan, şaftalı, üzüm, zoğal daha həvəslə alınır. Bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz qiymətə satılır.
Yarmarkaya daxil olan məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
 
Yarmarkada nəzarət tərəzisi qoyulub, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilib.
Şənbə günü Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 17,2 ton kənd təsərrüfatı məhsulu çıxarılmışdı.
 
Yarmarkaya təklif edilən pomidor, xiyar, badımcan, bibər, kartof, soğan, qarpız, yemiş, şaftalı, zoğal, alma, armud və digər məhsullar qəsəbə sakinləri tərəfindən həvəslə alınırdı.
 
Yarmarkada təklif edilən məhsulların keyfiyyətli və bazarlardakından 25-30 faiz ucuz olması alıcılar tərəfindən razılıqla qarşılanırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, yarmarkada qəsəbə sakinlərinin tələbatı nəzərə alınaraq məhsulların çeşidinə ciddi dəyişikliklər edilib. Burada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılıb, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilib.
 
Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda-“Günəş” ticarət mərkəzində (18,4 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,5 ton) satışa Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından, ümumilikdə, 20,9 ton məhsul çıxarılmışdı.
 
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada mövsümi kənd nemətlərindən pomidor, xiyar, göyərti, kartof, soğan, lobya, badımcan, kələm, alma, armud, gavalı, şaftalı, üzüm, zoğal, yemiş, qarpız və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur.
Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
 
Şənbə günü Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 287 ton meyvə-tərəvəz, ət və süd məhsulları daxil olub.
 
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verdi ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuzdur. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.
 
Yarmarkada sərfəli qiymətə şaftalı, gavalı, üzüm, zoğal, göyəm, alma, armud, xiyar, pomidor, kartof, soğan, bibər, göyərti, qarpız, yemiş və digər məhsullar təklif edilir.
Şəhər sakinləri məhsulların qiymətindən və keyfiyyətindən razıdırlar.
 
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov bildirdi ki, şənbə günü Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığındakı yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala, Oğuz rayonlarından 58,2 ton kənd təsərrüfatı məhsulları gətirilib.
 
Yarmarkada ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun bostan bitkiləri-qarpız, yemiş tərəvəzlərdən pomidor, xiyar, kələm, kartof, soğan, yerkökü, çuğundur, meyvələrdən alma, armud, çiyələk, şaftalı, gavalı, üzüm, qarağat, həmçinin ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi.
Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
 
Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qayda-qanuna ciddi nəzarət olunurdu.
Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Bərdə, Ağstafa, Siyəzən, Goranboy və digər rayonların fermerləri təzə meyvə-tərəvəzlər, süd və bostan məhsulları gətiriblər. Şəhər sakinləri təklif olunan kənd təsərrüfatı məhsullarını, o cümlədən qarpız, yemiş, badımcan, pomidor, xiyar, lobya, kələm, üzüm, alma, armud nemətləri bazarlardakından 20-30 faiz ucuz qiymətlərə ala bilirlər.
 
Təklif olunan meyvə-tərəvəz, süd və bostan məhsulları həm də keyfiyyəti ilə diqqəti cəlb edir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, yarmarkaya 31,6 ton məhsul çıxarılıb.