Bakının mərkəzində camaatın başına yenə daş yağır - FOTO

Hadisə şahidlərinin verdikləri məlumata görə, bu gün səhər saat 6 radələrində binanın yuxarısından ayrılan böyük lay daş yerə düşərək parça-parça olub.

Xoşbəxtlikdən, həmin vaxt küçədən keçən olmayıb və bədbəxt hadisə yaşanmayıb.

Səbayel Rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov hadisəylə bağlı bildirib ki, sözügedən bina Səbayel Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır.

"Hadisə olan bina Səbail Rayon MKTB-nin balansındadır. Və bina həmin o birliyin 8 saylı MİS-inə aiddir. Bina 2013-cü ildə yaşanan faciədən sonra Birliyk tərəfindən qəzalı binalar siyahısına salınıb.

Bununla bağlı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət olunub. Çünki bina həmin departamentə aiddir. Ümumiyyətlə, Bakı şəhərində bütün rayonlarda yerləşən binaların təmiri bu departamentə həvalə olunub. Onlar da titul vərəqəsi ilə binaları təmir edirlər", – deyə o bildirib.

Sözügedən departamentdən və BŞİH-dən isə saytın zənglərinə cavab verən olmayıb.

Hazırda MİS hadisə yerini lentlə əhatəyə alıb və binanın yuxarısı qopma ehtimalı olan daşlardan təmizlənir.

Hadisə nəticəsində böyük daş parçası düşsə də, fotolarda onların az hissəsi görünür. Çünki dərhal hadisə yerinə gələn MİS işçiləri orada təmizlik işləri aparıblar.

Xatırladaq ki, 2013-cü il iyul ayının 15-də bu binanın yuxarısından qopan daş 21 yaşlı Rövşən Hüseynovun başına düşmüşdü. Yaralı dərhal əməliyyata götürülmüş, ancaq 5 gün sonra xəstəxanada vəfat etmişdi.