Biləsuvardan olan məktəb müəllimi şikayət etdi

Biləsuvar rayon Ovçubərə kənd sakini, Yeni Azərbaycan Partiyasının üzvi , Ovçubərə kənd tam orta məktəbinin riyaziyyat və fizika müəllimi Əmirov Rasim Əmirxan oğlu məktəbdə üzləşdiyi problə bağlı prezident İlham Əliyevə, təhsil naziri Mikayıl Cabbarova, baş prokuror Zakir Qaralova, korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevə və bir neçə əlaqədar dövlət orqanlarına məktubla müraciət edib.
 
Maide.az həmin məktubu olduğu kimi dərc edir:
 
“Cənab prezident, dövlətimizin səlahiyyət sahibi olan hörmətli nümayəndələri, hörmətli məsul şəxslər sizlərə səmimi və açıq şəkildə müraciət etmək istəyirəm.
 
Öncə özüm haqqında arayış vermək istəyirəm. Mən, Əmirov Rasim Əmirxan oğlu 01 may 1982-ci ildə Biləsuvar rayonunun Ovçubərə kəndində anadan olmuşam. 01 sentyabr 1989-cu ildə Ovçubərə kəndində orta məktəbin birinci sinfinə daxil olmuşam. Bu məktəbin 8-ci sinfini bitirmişəm. Biləsuvar şəhər 4 saylı orta məktəbin 9-cu sinfində təhsilimi davam etdirmişəm. Bu məktəbin 11-ci sinfini 1999-cu ildə bitirmişəm. Həqiqi-hərbi xidmət etdikdən sonra ali məktəbə qəbul olmaq üçün test üsulu ilə imtahan vermişəm. Gəncə Dövlət Universitetinin qiyabi şöbəsi üzrə Riyaziyyat və Fizika fakültəsinə qəbul olmuşam. 2008-ci ildə GDU–ni fərqlənmə diplomu ilə bitirmişəm. Hal-hazırda Ovçubərə kənd tam orta məktəbində ixtisasım üzrə müəllim işləyirəm.
 
Müəllimlik fəaliyyətimlə yanaşı 2009-cu ildən Təhsil Nazirliyinin təşəbbüsü ilə “Mədəd” HTİB-nin həyata keçirdiyi İKT sahəsi üzrə “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşməsi“ və “Təhsil Sisteminin İnzibati- İdarəetmə Heyəti üçün İKT-nin Təhsilə Tətbiqi” və İdarəetmə heyəti üzrə bölgələrdə keçirilən treninqlərdə təlimçi kimi də fəaliyyət göstərmişəm. Pedaqoji fəaliyyətimlə yanaşı müasir təlim metodları ilə, interaktiv təlim ilə və yeni texnologiya ilə mükəmməl işləmək qabiliyyətinə malikəm. İxtisasımın riyaziyyat və fizika olmasına baxmayaraq, informatika ixtisası üzrə bir neçə diplom və sertifikatlarım var. Rayonumuzda təhsil nazirliyinin həyata keçirdiyi İKT və yeni təlim üzrə kurikulum kurslarında iştirak edərək birinci dərəcəli informatika müəllimi statusunu almışam. 2013-ci il yenidən Bakı şəhərində, Azərbaycan Universitetində “Şəxsiyyətin inkişafı və yeni pedaqoji texnologiyalar” İctimai Birliyinin idarə heyyəti tərəfindən 03-12 may tarixində fənn kurikulumunun tətbiqi əlaqədar təşkil olunmuş “Öyrədənlərin öyrədəni” təlimi kursundan keçərək, riyaziyyat fənni üzrə də “Təlimçi” statusu almışam. Bu yaxınlarda yenidən təhsil nazirliyinin sifarışı ilə Unikal Təhsil Təşkilatının həyata keçirdiyi İKT və yeni təlim üzrə kurikulum kurslarında iştirak edərək, 6-cı və 7-ci siniflərədə dərs deyəcək müəllimlər üçün təşkil olunmuş 10 günlük kursda iştirak edərək fizika fənni üzrə də sertifikat almışam.
 
Məktəbimizdə təşkil etdiyim məşğələlər nəticəsində bu il 9 şagirdimiz orta ixtisas məktəbələrinə, kolleclərə, 2 şagirdimiz ali məktəbə qəbul olunub.
 
Şikayətim isə ondandır ki, işlədiyim Biləsuvar rayonu Ovçubərə kənd tam orta məktəbində qanuna zidd hallar mövcuddur. Son zamanlar Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu test üsulu və müsabiqə ilə olsa da, bizim məktəbdə ilin ortasında qeyri-yollarla müəllim məktəbə işə götürülür və yaşı 65-i ötmüş müəllimlər “yuxarıdakı adamı” hesabına 2 ildən artıqdır ki, məktəbdə pedoqoji fəaliyyətini davam etdirir. Dərs bölgüsü düzgün aparılmır. Müəllimin savad və pedaqoji səviyyəsi yox, direktorun planları və istəyi əsasında, tapşırılmış qaydalara əsasən dərs bölgüsü həyata keçirilir. Hər il dərs ilinin başlanğıcında qəsdən siniflər təhsil şöbəsinin müdirinin iştirakı və direktorun təkidi ilə “şagird sayının azlığından” bağlanır. Bu problemlərin yeganə həll yolu məktəb müəllimlərindən haqq yığılaraq həmin siniflər yenidən təşkil olunur. Bu da digər məktəblərdən sinifdəki şagirdlərin sayı düzəltmək üçün qanunsuz yolla direktorların bir-birinə şagird yox, sənəd ötrülməsi yolları ilə təşkil olunur. Bu bir başa maliyyə pozuntusudur.
 
Məcburi olaraq məktəbli formasının şagirdlər tərəfindən alınmadıqda, sinif rəhbərlərinə satılması, hər ay direktora “aylıq” verilməsi və digər neqativ hallar var. Bunları yazmaqla bitib-tükənmir.
 
Xahiş edirəm bu neqativ məsələləri araşdırasınız.”