Britaniya Azərbaycana sərmayə qoyan ən böyük investordur

Britaniya hökumətinin rəsmi saytında bu ölkənin nümayəndə heyətinin Azərbaycana səfəri barədə məlumat yerləşdirilib

Britaniya hökumətinin rəsmi saytı “gov.uk”də Böyük Britaniya Krallığının işgüzar dairələrinin nümayəndə heyətinin Azərbaycana səfəri barədə məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, sentyabrın 30-dan oktyabrın 2-dək davam edəcək səfər qarşılıqlı təcrübə və bilik mübadiləsi məqsədi daşıyır. Nümayəndə heyətinin tərkibində müxtəlif sahələrdən, o cümlədən təhsil, telekommunikasiya, mühəndislik, idarəetmə və s. sahələrindən ekspertlər var. Onlar Azərbaycanda bir sıra görüşlər keçirəcək, ölkələrimiz arasında biznes potensialının yüksəldilməsi istiqamətində müzakirələr aparacaqlar.

Yazıda, həmçinin Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamentinin beynəlxalq ticarət müşaviri Mark Hiqinsin fikirlərinə istinadən Azərbaycan ilə Birləşmiş Krallıq arasında uzunmüddətli biznes və iqtisadi əməkdaşlığın mövcud olduğu qeyd edilir. Bildirilir ki, Birləşmiş Krallıq Azərbaycanda fəaliyyət göstərən 300-dən çox şirkəti ilə ölkəyə sərmayə yatıran ən böyük xarici investordur. azertac /