Britaniya parlamenti İD-yə zərbələr endirmək təklifini təqdir edib

Britaniya parlamenti Kral Hərbi Hava Qüvvələri aviasiyasının İŞİD terrorçularının İraqdakı mövqelərinə zərbələr endirilməsini təqdir edib.
 
Bu qərarın lehinə 524, əleyhinə 43 millət vəkili səs verib.
 
Maide.az-ın məlumatına görə, Britaniya təyyarələri dərhal ABŞ komandanlığı altında keçirilən İŞİD dəstələrinin ləğv edilməsi üzrə hərbi əməliyyatlar çərçivəsində döyüş tapşırıqlarının yerinə yetirilməsinə qatılacaq.
 
Əməliyyatda Kipr bazasında yerləşən “Tornado” GR4 tipli 6 qırıcı-bombardmançı təyyarə iştirak edəcək.
 
İcmalar Palatasında səsvermə, İraq hökumətinin hərbi yardım üçün rəsmi xahişindən sonra, parlament iclasını çağıran baş nazir David Cameron-un təşəbbüsü ilə keçirilib.
 
David Cameron emosional çağırışla qərb və ərəb ölkələri koalisiyasına birləşmək və İraq ərazisində İŞİD terrorçularının mövqelərinə hava zərbələrini endirmək təklifini qəbul etmək xahişilə parlamentə müraciət edib.
 
İcmalar Palatasında müzakirələri açan Cameron qeyd edib ki, İŞİD bilavasitə Britaniya xalqını təhdid edir və hazırkı məqamda parlament üzvləri üçün bundan vacib məsələ yoxdur.
 
“Təhlükənin bizdən uzaq olduğunu düşünmək lazım deyil, - baş nazir xəbərdar edib. – Bu problemi biz indi həll etməsək, yaxın gələcəkdə Aralıq dənizi üzərində bir terrorçu xilafət peyda olacaq, ərazisi NATO-nun üzvü olan ölkə ilə həmsərhəd, hansı ki, artıq ölkəmizi və xalqımızı hücum etməklə hədələyib”.