Bu il Azərbaycanda 35 nəfər naməlum yolla İİV infeksiyasına yoluxub

"Bu ilin birinci yarım ilində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 338 nəfər təşkil edib. Onlardan 328-i (97%) Azərbaycan vətəndaşı, 10 nəfəri (3%) isə əcnəbi vətəndaşlarıdır". Maide.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Respublika QİÇS-lə Mübarizə Mərkəzindən bildirilib.
 
Məlumata görə, qeydiyyata alınan 328 Azərbaycan vətəndaşından 224-ü (65,3%) kişi, 104-ü (34,7%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşların sayı 109 nəfər olub.
Bu ilin ilk yarısında İİV infeksiyasından 27 nəfər vəfat edib.
 
Eyni zamanda, bu ilin 6 ayı ərzində İİV-ə yoluxması təsdiq olunan Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub:
- 86 nəfər (26,2%) parenteral kontakt,
- 191 nəfər (58,2%) heteroseksual kontakt,
- 11 nəfər (3,4%) homoseksual kontakt nəticəsində,
- 5 nəfər uşaq (1,5%) İİV-müsbət anadan yoluxub,
- 35 nəfərin (10,7%) yoluxma yolu naməlumdur.
 
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2015-ci ilin 6 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5240 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 5063 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 177 nəfəri (3,4%) isə əcnəbilərdir, İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3821-i (75,5%) kişi, 1242-si (24,5%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1628 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1602 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 719 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 709 nəfər olmuşdur.
 
Azərbaycan vətəndaşında ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2015-ci ilin 6 ayının sonunadək 5063 İİV-ə yoluxmuş insandan 1291-i (25,5%) Bakı şəhəri və Abşeron rayonunda, 3262-ı (73,7%) Respublikanın digər 55 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 34 nəfərin (0,8%) yaşayış yeri naməlumdur.
 
5063 nəfər Azərbaycan vətəndaşından 2673-də (52,8%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1860-də (36,7%) heteroseksual, 88-də (1,7%) isə homoseksual kontakt nəticəsində, 72-də (1,4%) anadan uşağa keçməklə, 1-də (0,02%) donor qanının köçürülməsi nəticəsində baş verib; 324 nəfərdə (7,3%) yoluxma yolu müəyyən edilməyib.
 
Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. 2006-cı ildən tədbiq edilən antiretrovirus terapiyaya hazırda 2649 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 273 nəfərə müalicə 2015-ci ilin 6 ayı ərzində başlanılıb.