Dərman satışı ilə bağlı yeni qaydaların məqsədi nədir?

Rasif Bağırov: `Bu istiqamətdə real iş görülməsinə inanmaq çətindir`

Səhiyyə Nazirliyi dərman reseptlərilə bağlı yeni qaydaları -“Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nı təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, qaydaların tələblərini pozan şəxslər həm inzibati, həm də cinayət məsuliyyəti daşıyırlar: “Eyni zamanda, respublikanın tibb idarə və müəssisələrinin rəhbərlərinə təsdiq edilmiş qaydalara riayət edilməsi tapşırılıb”.
 
L.Bayramova qeyd edib ki, təsdiq edilmiş qaydalara görə, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını yox, beynəlxalq patentləşdirilməmiş adını (generik adını) yazacaqlar: “Beləliklə də xəstə aptekə müraciət edən zaman əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə xəstəyə məlumat veriləcək, xəstə də dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək. Lakin dərmanın tərkibində 3 və ya artıq maddə olarsa, bu halda, həkim reseptdə dərmanın ticarət adını yazmalıdır”.
 
Bəllidir ki, mövcud iqtisadi böhrana, qiymət artımına görə belə bir addım atılır. Fəqət, əhali qrupu indiyədək öz xəstəliyinə, təsiredici xassəsinə görə dərman almağa üstünlük verib. Belə olan halda, müxtəlif dərmanların tərkibi və təsiri baxımından sözügedən qaydaların tətbiqi nə qədər effektli olacaq?
 
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov "Azadlıq"a deyib ki, dərmanların resept blankına görə buraxılması daha mürəkkəb dərman preparatları və ya müxtəlif xəstəliklərə qarşı müəyyən proseslərdə həyata keçirilməsi mümkündür. Ekspert qeyd edir ki, dərmanların resept blankıyla buraxılması dünya standartlarında nəzərdə tutulmuş prinsiplərə əsaslanır: “Bu məsələ yeni deyil. Çoxdandır ictimai müzakirəyə çıxarılan bu məsələnin həyata keçirilməsi istiqamətində nədənsə, addım atılmırdı. Yenə də bu istiqamətdə real iş görülməsinə inanmaq çətindir. Əslində, prosesin həyata keçirilməsi dərmanlarla təchizat və qiymətləndirmə istiqamətində  əhəmiyyətli rol oynamır”.