Diabet riski qan qrupundan asılı ola bilər

Fransada epidemiologiya və əhalinin sağlamlığı sahəsində tədqiqatlar mərkəzinin tibb işçiləri tərəfindən aparılmış yeni tədqiqatda alimlər diabet riskinin həm qan qrupundan asılı ola bilməsi ehtimalını nəzərdən keçiriblər.
 
Ümumiyyətlə, alimlər 80 mindən çox qadına aid məlumatları təhlil ediblər və tədqiqatın nəticələrindən aydın olub ki, 2-ci, 3-cü və 4-cü qan qrupu olan qadınlar 1-ci qan qrupu olan zəif cinsin nümayəndələrinə nisbətən ikinci tip diabetə daha çox meyllidirlər. Elmi eksperimentin nəticələri “Diabetologia” jurnalında dərc edilib.
 
Tədqiqatın nəticələri göstərib ki, birinci qan qrupu olan qadınlarla müqayisədə 2-ci qan qrupu olan xanımlar diabetə 10 faiz çox meylli olublar, üçüncü qan qrupunun nümayəndələrində isə bu risk 21 faiz təşkil edib. Öz növbəsində dördüncü qan qrupunun nümayəndələrində risk 17 faizə qalxıb. Amma tədqiqatçıların sözlərinə görə, bu nəticələr statistik göstəricilər deyil.
 
Aydın olub ki, üçüncü qan qrupu və rezus-faktoru müsbət olan xanımlarda diabet riski birinci qan qrupu və mənfi rezus-faktoru olan qadınlarla müqayisədə 35 faiz yüksək olub. Dördüncü qan qrupu və rezus-faktoru müsbət olan iştirakçılarda xəstəliyin inkişaf riski 26 faiz yüksək olub. İkinci mənfi qrupda risk 22 faiz artıb, ikinci müsbət qrupda isə şans 17 faiz artıb.
 
Alimlər qan qrupu ilə diabet riski arasında əlaqənin əsasında dəqiq hansı səbəblərin durduğunu bilməsələr də güman edirlər ki, qan qrupu endotelial və ya iltihabi markerlərə təsir göstərə bilər.