Goranboyda 4 minə yaxın köçkünü bu il də donduracaqlar

Goranboy rayonunun Qaraçinar, Yenikənd, Meşəli kəndlərində məskunlaşan kəlbəcərli məcburi köçkünlərin, eləcə də bu kəndlərin yerli sakinlərinin əlacsız duruma düşdükləri barədə məlumat vermişdik. Bu yaşayış məntəqələrində 4 mindən artıq məcburi köçkün məskunlaşıb. Onların problemi soyuqda qızına bilməməkdir. 
Bu ərazilərdə mavi yanacaq yoxdur, oduncaq isə “od” qiymətinədir. Məsələnin acınacaqlı tərəfi isə həmin kəndlərin əhatə olunduğu bütün yaşayış məntəqələrinində mavi yanacağın olmasıdır.
 
Belə ki, Qaraçinar, Yenikənd, Meşəli kəndləri Goranboyun Şəfəq və Ağcakənd yaşayış məntəqələri arasında yerləşir. Həm Şəfəq, həm də Ağcakənd kəndlərində sakinlərə mavi yanacaq verilsə də, kəlbəcərlilər məskunlaşan kəndlərə mavi yanacaq verilmir.
 
Qəribəsi isə odur ki, rayondan Ağcakəndə çəkilən qaz kəməri Qaraçinar kəndinin içərisindən keçir.
 
Bir müddət əvvəl problemə münasibət bildirən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbaut xidmtəinin rəhbəri Elçin Qədimov problemin onlara aid olmadığını bildirmişdi: “Biz məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmətlərin qarşılığını ödəyirik. Ancaq qaz çəmək bizim işimiz deyil”.
 
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev isə ölkə üzrə qazlaşdırılmanın dövlət proqramı çərçivəsində reallaşdırıldığını vurğulamışdı.
 
Modern.az məsələnin nə yerdə oldğunu öyrənmək üçün yenidən “Azəriqaz”İB ilə əlaqə saxlayıb.
 
Birliyin əməkdaşı İbarhim Kərbalayev saytımıza açıqlamasında qeyd edib ki, Qaraçinar kəndinin qazlaşması 2015-ci il dövlət proqramında nəzərdə tutulub. Bu böyük kənddir və təxminən 509 abonenti var.
 
İ.Kərbalayev mavi yanacağın olmadığı digər iki kəndin adının də dövlət proqramına salınacağını, mərhələli şəkildə qazlaşdırılma aparılacağını açıqlayıb.