Hökumətin “benzin şousu”nun pərdəarxası

İlham Əliyev 2 qəpikdən niyə imtina etdi?

Yaşadığımız ölkədə elə əndrəbadi hallar baş verir ki, tamaşasından doymaq olmur.  Əvvəlcə ölkə başçısı İlham Əliyev bildirdi ki, neftin qiymətdən düşməsi Azərbaycana heç bir mənfi təsir göstərməyəcək. İqtisadiyyatı neftdən asılı olan ölkə üçün belə bir bəyanat “şedevr” sayıla bilərdi.

Amma hökumətimizin “sürpriz”ləri bununla da yekunlaşmadı. Belə ki, neftin qiymətdən düşdüyü bir vaxtda ölkədə benzinin qiyməti qalxdı. Əvvəlcə bunu belə izah etdilər ki, Azərbaycanda avtomobillərin mühərrikinin iş həcminə görə sürücülərdən alınan yol vergisi ləğv olunur və bunun əvəzinə benzinin topdan satış qiymətinə 2 qəpik əlavə olunur. Yəni, yanacağı istehsal edənlər və ölkəyə gətirənlər hər litr üçün 2 qəpik dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda məlum oldu ki, “Azpetrol” şirkəti “Premium Avro-95” markalı benzinin qiymətinin aşağı salıb.  “Azpetrol” bəyan etdi ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq şirkət “Premium” benzinin satış qiymətinə yenidən baxıb.

Bəli, uzaqgörən hökumətimiz uzun müzakirələrdən sonra qərara aldı ki, kasıb vətəndaşların istifadə etdiyi benzinin qiyməti qalxsın, varlı təbəqənin istifadəsində olan benzinin qiyməti isə ensin.  Bu “çıxış yolu” onu deməyə əsas verirdi ki, neftin qiymətinin düşməsi məmur təbəqəsinə zərbə vururmuş və buna görə də bu təbəqənin istifadə etdiyi bahalı avtomobillərin bahalı benzin markası ucuzlaşmalıdır.

Təbii ki, baş verənlər  biabırçı bir mənzərə yaradırdı və hökumət  hər dəfə izahat verəndə daha da gülünc vəziyyətə düşürdü.

Hökumət özü də bunu başa düşdü və bugün İlham Əliyevin tapşırığı əsasında Tarif Şurası növbədənkənar iclas keçirdi.  Nəticədə, benzinin qiyməti əvvəlki vəziyyətə qayıtdı və 2 qəpiklik bahalaşma ləğv olundu.

Maraqlı burasıdır ki,  əhalini bu bahalaşmanın zəruri olduğuna inandırmağa çalışanlar, bu iclasdan sonra “fasilə” verdilər.

İndi hökumət qəzetlərində, telekanallarda “zəhmətkeş məktub”ları  “at oynadacaq”.  Rejim təmsilçiləri  bu 2 qəpiyin ləğvini, İlham Əliyevin səxavəti və xalq sevgisi kimi dəyərləndirəcəklər.

Amma normal düşüncəyə malik olan hər bir vətəndaş bilir ki, İlham Əliyev bu artımdan xəbərsiz ola bilməzdi. Yəni, Tarif Şurasının bu “fenomen”al qərarı İlham Əliyevin “xeyir-dua”sı olmadan verilməmişdi.

Sadəcə olaraq  ortada bibarıçı bir vəziyyət yarandı və çıxış yolu kimi “İlham Əliyev bu qərardan xəbərsiz imiş” ssenarisi yazıldı. azadliq.info /