Kür və Araz çayının suyu açıq təhlükə mənbəyidir

Eyyub Hüseynov: «Bu çaylar təəssüf ki, geriyə axmır və Azərbaycana doğru gəlməkdədir»

Azərbaycanın su ehtiyatlarının 70 faizindən çoxu Kür-Araz çaylarının hesabına ödənilir. Hər iki çay ölkə xaricində formalaşdığından yuxarı axında olan Ermənistan, Gürcüstan tərəfindən güclü çirklənməyə məruz qalır. Bu barədə Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamentinin direktor müavini Mətanət Avazova bildirib.
 
Onun sözlərinə görə, hər 10 gündən bir su obyektlərində monitorinqlər aparılır, çaylardan kimyəvi analizlər götürülür, nəticələri təhlil olunaraq qiymətləndirilir, prezidentə, Milli Məclisə və icra orqanlarına bu barədə məlumat verilir: “Araz çayı Kür çayının hövzəsinə daxildir, yəni yuxarı hissədə olmasa da, aşağı hissədə çaylar qovuşur. Çayın Gürcüstandan Azərbaycana keçən hissəsində apardığımız monitorinqlər göstərir ki, Kürün suyu çirklənməyə məruz qalır. Çirklənmə səbəbləri sırasında üzvi çirkləndirici maddələr, biogenlər var. Bunlar sanitar normalardan dəfələrlə çoxdur. Çünki Gürcüstanın bütün kommunal və çirkab suları təmizlənmədən birbaşa su obyektinə axıdılır”.
 
Nazilrik rəsmisinin sözlərinə görə, Ermənistan həm aşağı, həm də Gürcüstan ərazisindən dolayı yolla su obyektlərinə müdaxilə edir: “Ermənilərin dağ-mədən sənayesinin inkişaf etdiyi Ayrım rayonunun sənaye, məişət və çirkab suları Debet çayına axıdılır. Debet çayı Gürcüstanın daxili çayı olan Xram çayı vasitəsilə sərhədi keçib Kürə tökülür. Beləliklə, həm yuxarı axında, həm də aşağı axında çaylarımıza müdaxilə edilir.
 
Araz çayının çox sayda qolları var. Həkəri, Oxçuçay, Ravdançay axıntı ilə birlikdə çoxlu çirkab gətirir. Ravdançay birbaşa Yerevan şəhərinin içərisindən axır və tullantı sular onunla birlikdə Araza tökülür. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan həm yuxarı, həm də aşağı axında Kür və Arazın çirklənməsinə öz “töhfə”sini verir".
 
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  Kür və Araz çayının su göstəricisinin normaya uyğun olmadığını təsdiq edir. Qurum sədri “Azadlıq”a açıqlamasında bildirir ki, bu barədə hələ üç il öncə Azərbaycan, Gürcüstan və Ermənistan dövlət orqanları nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edib. E.Hüseynov qeyd edir ki, Kür və Araz çayının intensiv çirklənməsi siyasi qərar qəbul edən insanların sosial məsuliyyətini duymamasının nəticəsidir: “Hidrologiyanın qanunlarını dəyişmək olmur və həmin çaylar geri axa bilməz, onlar Azərbaycana doğru gəlməkdədir. Bu problem barədə hər üç dövlətin əlaqədar qurumlarının nümayəndələri öz məsuliyyətlərini dərk etməlidir. Ekologiya sahəsi üzrə mütəxəssislər bu yöndə monitorinqlər aparır və etiraf edək ki, Kür və Araz intensiv çirklənən çaylardır”. E.Hüseynov söyləyir ki, Gürcüstanın bütün kanalizasiya və çirkab sularının Kürə axıdılması gözlə görüldüyü üçün bunun əyaniliyinə heç bir ekspertiza gərək deyil.
 
Xatırladaq ki, bugünlərdə Koreya Respublikasında keçirilən VII Dünya Su Forumunda da Kür və Araz çaylarının həddindən artıq çirklənməyə məruz qaldığı vurğulanıb.