İlahi cəzaları təxirə salan əməllər

İlahi maarifdən məlum olur ki, əgər insan möhlət verilmədən cəzalandırılsaydı, yer üzündə bir nəfər də sağ qalmazdı. Lakin Allah-Taala lütf və rəhməti ilə Öz bəndələrini cəzalandırmağa tələsmir və bir neçə səbəbə görə onlara möhlət verir:

1. Günahkarlara tövbə edib təmizlənmək üçün möhlət verir.

2. Bəzən də cəza ona görə təxirə salınır ki, bu nəsildən mömin insanların vücuda gəlməsi mümkün olsun.

3. Bəzən isə uşaqların göz yaşları, gecəni oyaq qalan aşiqlərin dua və münacatları cəzaları yubandırır.

Bu kimi səbəblər ilahi cəzalara mane olur; dua, yalvarış, göz yaşı, tövbə yolu ilə cəzalar təxirə salınır. Yunis qövmünün tövbə və dua vasitəsi ilə Allahın cəzasını təxirə salması deyilənlərə nümunədir.

Bunu da qeyd etməliyik ki, artıq gəlib çatmış cəzanı kimsə yubada bilməz. Bəzən bu cəzalar qıtlıq, bahalıq, səma bəlaları, cəmiyyətdə biganəlik və inamsızlıq və sairə şəkillərdə də təzahür edə bilər.

Mənəviyyatın pozulması şəklində gələn cəza haqqında Peyğəmbəri-Əkrəm (s) İmam Əliyə (ə) belə buyurur:

یَا عَلِیُّ إِنَّ اَلْقَوْمَ سَیُفْتَنُونَ بِأَمْوَالِهِمْ وَ یَمُنُّونَ بِدِینِهِمْ عَلَى رَبِّهِمْ وَ یَتَمَنَّوْنَ رَحْمَتَهُ وَ یَأْمَنُونَ سَطْوَتَهُ وَ یَسْتَحِلُّونَ حَرَامَهُ بِالشُّبُهَاتِ اَلْکَاذِبَةِ وَ اَلْأَهْوَاءِ اَلسَّاهِیَةِ فَیَسْتَحِلُّونَ اَلْخَمْرَ بِالنَّبِیذِ وَ اَلسُّحْتَ بِالْهَدِیَّةِ وَ اَلرِّبَا

“Ya Əli, (məndən sonra) bu ümmət tezliklə var-dövləti ilə imtahana çəkilər. Onlar dindarlıqlarına görə Allaha minnət qoyar və Allahdan rəhmət istəyərlər, özlərini əzabdan amanda bilər, yalan şübhələr və qəflətə salan istəklərlə haramları halal edərlər. Məstedici içkiləri halal içki, haram malı hədiyyə, sələmi al-ver zənn edərək özləri üçün halala çıxararlar.” (“Nəhcül-bəlağə”, xütbə 156.)

Əgər insanların batini günah səbəbindən çirkaba batmazsa, onlar haramı halal hesab etməzlər. Bu günahkarlığın səbəbi, əslində, Allahın cəzası olaraq insani mənəviyyatın şeytani xislətə çevrilməsidir. Bu hala Bəni-İsrail qövmünün düşdüyü vəziyyət misal ola bilər:

وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَواْ مِنكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُواْ قِرَدَةً خَاسِئِينَ

“Əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları tanıdınız. Biz onlara dedik: «Meymun və (Bizim dərgahımızdan) qovulmuşlar olun!” (“Bəqərə” surəsi, ayə 65.)

“Kumeyl” duasında oxuyuruq:

وَ لاَ تُعَاجِلْنِي بِالْعُقُوبَةِ عَلَى مَا عَمِلْتُهُ فِي خَلَوَاتِي‏ مِنْ سُوءِ فِعْلِي وَ إِسَاءَتِي وَ دَوَامِ تَفْرِيطِي وَ جَهَالَتِي وَ كَثْرَةِ شَهَوَاتِي وَ غَفْلَتِي

“Xəlvətdə yol verdiklərimə, çirkin işlərimə, günahlarıma, bəndəlikdə süstlüyümə, nadanlığıma, şəhvətimin çoxluğuna, qəflətimə görə cəzalandırmağa tələsmə” (“Kumeyl duasının şərhi”, Ustad Hüseyn Ənsarian, səh.495-497.)

Maide.az – Maarif bölümü