Məhbuslardan yeni xəbərlər: NİDA-çı gənclərin əfv olunma şansları artıb

Sirac Kərimlinin həbs müddəti növbəti dəfə iki ay uzadılıb; Əvəz Zeynallı və Əbdül Əbilov doğum günlərini həbsxanada qeyd ediblər

 
Yeni il yaxınlaşdıqca əfvə olan ümidlər artmaqdadır. Siyasi motivlərə görə həbsdə olan məhbuslar və onların ailələrinin bu bayramdan gözləntiləri çoxdur. Veriləcək əfv edilmək ehtimalı yüksək olmayan məhbuslar da az deyil. Çünki onların ya məhkəmələri, ya da istintaqları gedir.
 
Havaların soyuq keçməsi, həbsxana daxilində olan bərbad vəziyyət məhbusların bəzilərinin səhhətinə təsirsiz ötüşməyib. Müsavat başqanının müavini Tofiq Yaqublunun səhhətindəki problemlər aradan qalxıb. 
 
Onun qızı Nigar Yaqublu musavat.com-a açıqlamasında atası ilə telefonla danışdığını və özünü yaxşı hiss etdiyini söylədi: “Bazar günü görüşəcəm. Telefonla danışdım. Hər kəsə salam söylədi. Özünü normal hiss edir”.
 
Müsavat başqanının həbsdəki digər müavini Fərəc Kərimlinin qardaşı Sirac Kərimlinin həbs müddəti fevralın 17-nə qədər uzadılıb. Vəkil Nemət Kərimli bununla bağlı apellyasiya şikayəti verdiklərini söylədi:“Sirac Kərimlinin həbs müddəti artıq ikinci dəfədir ki, qanunsuz şəkildə uzadılır. Onun istintaqında heç bir mürəkkəblik yoxdur. Sadəcə bu qərar onu girovluqda saxlamaqdan başqa bir şey deyil. Onun səhhəti olduqca ağırdır. Penitensiar Xidmətə müraciət etmişəm. Hələ də bir cavab yoxdur. Yalnız Beynəlxalq Qırmızı Xaç Komitəsi onunla görüşüb. Ombudsman da Sirac bəyin müayinədən keçirilməsi ilə bağlı Penitensiar Xidmətə müraciət edib. Bazar ertəsi günü valideynləri təcridxanaya övladları ilə görüşmək üçün gediblər. İcazə verilməyib. Bəhanə olaraq icazə kağızının olmamasını göstəriblər. Bu son günlərdə məhbuslara edilən təzyiqlərlə bağlıdır. Fərəc Kərimli ilə bağlı da bir yenilik yoxdur. Sonuncu dəfə üzləşmə olub. Yəqin ki, onun da həbs müddətinin vaxtı uzadılacaq”.
 
Dekabrın 16-da Leyla Yunusun vəkili Ramiz Məmmədov onunla görüşüb. Vəkil musavat.com-a açıqlamasında hüquq müdafiəçisinin səhhətinin daha da ağırlaşdığını bildirib: “Heç bir dəyişiklik yoxdur. İmkan daxilində müdafiəsi ilə əlaqədar bütün işləri görürük”. 
 
Hüquq müdafiəçisi Rəsul Cəfərovun istintaqı artıq yekunlaşıb. Onun hüquqi nümayəndəsi Günay İsmayılova işin məhkəməyə göndəriləcəyini bildirdi: “Hazırda Rəsul Cəfərov iş materialları ilə tanış olur. Onun işini ayırıblar. Yaxın günlərdə məhkəməyə göndəriləcək”.
 
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının dekabrın 16-da 44 yaşı tamam olub. Baş redaktor doğum gününü ailəsi ilə birlikdə həbsxanada qeyd edib. Bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib: “Əvəz bəy artıq 4-cü ildir ki, ad gününü həbsxanada keçirməli olur. Buna baxmayaraq, yenə də ənənəsinə sadiq qalıb, özünə keçən illərin hesabatını verdi. Ad gününü yaxından-uzaqdan təbrik edən bütün dostlara öz salamını və təşəkkürünü çatdırdı. Əvəz bəy hər zaman olduğu kimi, yenə də mətindir. Yeni kitablar oxuyur, tərcümələrini davam etdirir. Yeni ildən gözləntiləri də çoxdur. Hər şeyin gözlənildiyindən də yaxşı olacağına əminliyi var. Uşaqların dərsləri ilə maraqlandı”.
 
Həbsdəki gənc blogger Əbdül Əbilovun dekabrın 17-də 32 yaşı tamam olub. O, feysbuqda “Yaltaqlara dur deyək” səhifəsinin admini olub. 
 
Sosial şəbəkələrdəki fəallığına görə 22 noyabr 2013-cü il tarixində DİN MCQMİ-nin əməkdaşları tərəfindən həbs olunub. Barəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi açılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2014-cü il tarixli hökmü ilə 5.6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsindən sonra Nida Vətəndaş Hərəkatına qoşulub. Beynəlxalq Amnistiya Təşkilatı Əbdül Əbilovu"vicdan məhbusu" kimi tanıyıb.
 
Dekabrın 16-da həbsdəki NİDA-çı gənclərin barələrində çıxarılan hökm hüquqi qüvvəyə minib. Belə ki, Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayət təmin olunmayıb. 
NİDA-çı gənclərdən Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova məhkəmədə iştirak etdiyini söylədi:“Çıxarılan qərar gözlədikləri kimi oldu. Bir gözləntiləri də yox idi. Hər şey qaydasındadır. Səhhətində heç bir problem yoxdur”.
 
Həbsdəki digər NİDA-çı gənc Zaur Qurbanlının atası Araz Qurbanlı Yeni ildə olacaq əfvdən gözləntilərinin olduğunu qeyd etdi: “Hamı bilir ki, bu iş quramadır. Yəqin ki, nəsə bir qərar olacaq. Humanistlik göstəriləcəyinə inanıram. Gənc olmaları nəzərə alınmalıdır. Məhkəmədə iştirak etdim. Səhhətləri normal idi”.
 
Vəkil Əsabəli Mustafayev bu qərardan sonra əfvə ümidlərinin artdığını söylədi: “Dünən bu qərarla hökm qüvvəyə mindi. Artıq onların əfvə düşmə şansları var. Bütün cəmiyyət bu anı gözləyir. Biz vəkillər də həyəcanla gözləyirik. Müdafiə etdiyimiz şəxslərin tezliklə azad olunacaqlarına ümid edirik. İşçi Qrupunun üzvlərinin  yaydığı məlumatlara istinadən deyirik”.
 
Əsabəli Mustafayev hüquqlarını müdafiə etdiyi gənc siyasi məhbus Orxan Əyyubzadənin “kars”a salınmasına da münasibət bildirdi: “Cümə günü onunla sonuncu dəfə görüşmüşəm. Bundan sonra “kars”a salınıb. Anasından eşitdim. Hələlik səbəblərini dəqiqləşdirə bilməmişəm. Yaxın günlərdə səbəblərini araşdıracam”.
 
VHP üzvü Ömər Məmmədovun atası Elyar Məmmədov oğlunun əfvə düşəcəyinə inanmadığını bildirdi:“Son həbslərdən sonra oğlumun azadlığa buraxılacağına inamım qalmayıb. Amma vicdanlarının oyanacağına ümid edirik. Bazar günləri görüşürük. Şikayəti yoxdur”. musavat /