Məhkum ailələri Prezident Administrasiyası önündə aksiya keçirdilər - FOTOLAR

“Övladlarımızla görüşməyə icazə versinlər, narahatıq”

14 saylı Cəzaçəkmə Müəssisəsindən Vərəmli Məhkumlar üçün Müalicə Müəssisəsinə (“Tubzon”) köçürülən məhkumların ailələri Prezident Administrasiyası önündə aksiya keçiriblər. Bu barədə aksiyada iştirak edən müsavat.com müxbiri yazır. Əllərində üzərində “Məhbus qohumlarımızla bizə görüşə icazə verin!” “İşgəncələrə son qoyun!” yazılmış lövhələr, məhkumların fotoları olan aksiyaçılar sonradan qəbula gediblər. Hazırda orada saxlanılan məhkum Araz Quliyevin anası musavat.com-a deyib ki, heç bir səbəb göstərmədən oğlu ilə bu gün də görüşə icazə verməyiblər: “Prezident Administrasiyasından əvvəl Binədə “Tubzon”da olduq. Bu gün 15-ci gündür ki, oğlumu və başqa məhkumları ora köçürüblər. Hər gün “Tubzon”un qabağına gedib uşaqlarımızla görüşmək istəyirik. Onlarla bizə görüş vermirlər. Mənim oğlum vərəm deyil. Bu gün 5 dəqiqəlik telefonla danışığımıza icazə verdilər. Arazın danışığından başa düşdüm ki, onun vəziyyəti yaxşı deyil. Oğlumu görmək istəyirəm. Bizə övladlarımızla görüşə icazə versinlər”.
Məhkum ailələri övladlarının taleyinin Elşad Babayevlə eyni olacağından narahatdırlar. Buna görə də Prezident Administrasiyasına gəliblər. 
Yada salaq ki, 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayevin öldürülməsi məhkumların kütləvi etirazına səbəb olub. Ötən il dekabrın 22-də baş verən bu olaydan 4 gün sonra müəssisəyə xüsusi təyinatlılar yeridilib, məhkumlar kütləvi şəkildə döyülüb, onlar zorakılığa məruz qalıblar. Məhbuslardan 11 nəfərin sağlıq durumu, niyə görə “Tubzon”a köçürülmələri haqda məlumat verilmir. Ümumilikdə “Tubzon”a 50-dən artıq məhkumun köçürülməsi haqda məlumat var./