Maskalı şəxslər Bakıda bankomatı partladıb, pulu apardılar (ƏLAVƏ OLUNUB)

Onlar külli miqdarda pulu götürərək naməlum istiqamətdə uzaqlaşıblar.

Bakıda quldurluq hadisəsi baş verib.

Faktxeber-in məlumatına görə, Bilgəh qəsəbəsində 3 nəfər naməlum şəxs Üzeyir Hacıbəyov küçəsindəki marketə basqın edib.

Maska taxmış həmin şəxslər avtomatla marketin mühafizəçisinə zor tətbiq ediblər və onun əl-qolunu bağlayıblar. Daha sonra maskalı şəxslər marketə bitişik quraşdırılmış Beynəlxalq Banka məxsus bankomata qumbara bağlayıblar və partlayıcı qurğunu işə salıblar.

Partlayışdan sonra həmin şəxslər bankomatdakı külli miqdarda pulu götürərək naməlum istiqamətdə uzaqlaşıblar.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda faktla bağlı zəruri əməliyyat axtarış və istintaq tədbirləri həyata keçirilir. Quldurluq əməlini törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində operativ əməliyyat qrupları təşkil olunub.

10:31

Bakının Bilgəh qəsəbəsində Qocalar evinin yaxınlığında yerləşən bankomatda partlayış baş verib.

Şahidlərin Trend-ə verdiyi məlumata görə, hadisə bu gecə qeydə alınıb. Hazırda partlayış baş verən ərazi hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb.

Partlayışın hansı səbəbdən baş verdiyi araşdırılır. Hadisə şahidləri, həmçinin ölən və xəsarət alanların olmadığını bildiriblər. /