Metroda güclü panika (FOTO)

Bakı metrosunda təhlükəsizliklə əlaqədar tədbirlər artırılıb

"Bakı Metropoliteni"nin stansiyalarında indiyə kimi müşahidə olunmamış sıxlıq yaşanır.
 
ANS PRESS-in əməkdaşı metronun "Elmlər Akademiyası" Stansiyasınının girişində sərnişin tıxacı yarandığını bildirib. Əməkdaşımız xəbər verir ki, yüzlərlə sərnişin metroya girmək üçün qapıda gözləməli olur. Polis və metropoliten əməkdaşlarının sərnişinləri bir-bir yoxlayıb metroya buraxması panikaya səbəb olub. Sərnişinlər belə yoxlamaların bomba xəbərdarlığı edilən zaman keçirildiyini əsas gətirərək metroya minməkdən qorxduqlarını bildiriblər.
 
Məlumata görə, oxşar vəziyyət metronun bütün stansiyalarında yaşanır. Metro stansiyalarında yoxlamaların niyə keçirildiyinin səbəblərinı öyrənmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov ANS PRESS-ə açıqlamasında qorxulu bir şey olmadığını və polis əməkdaşlarının prosedura uyğun olaraq yoxlamalar apardığını deməklə kifayətləndi.
 
"Bakı Metropoliteni" ASC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə verdiyi açıqlamasında yaşanan sərnişin sıxlığının bu gün keçirilən "Qarabağ" - "İnter" oyunu ilə əlaqədar olduğunu bildirdi. Onun sözlərinə görə, Avropa Liqasının qrup mərhələsinin son oyununda olacaq 30 mindən çox azarkeşin əksəriyyətinin metrodan istifadə etməsi sərnişin sıxlığına səbəb olub: "Sərnişinlərin narahatlığına əsas yoxdur. Sadəcə dediyim kimi futbolla əlaqədar sərnişin sıxlığı yaşanır. Sərnişinlərin təhlükəsizliyi üçün yoxlamaların olması da təbiidir".