Mövlanın mövludu mübarək!

Əli, Ey humayi rəhmət, ələm eyləyən Xudanı    

O huma ki, sayəsində edər hifz masəvanı

 

 Könül, istəsən Xudanı biləsən, Əlini yad et

Tanıdım Əlini vallah, tanıdım o dəm Xudanı  

 (Şəhriyar)

Cümə günü idi. Bu cümə günü besətdən on il qabaq rəcəb ayının 13-cü gününə təsadüf edirdi. Dünya öz tarixinin ən həssas dönəminə çatmaq üçün on il səbr etməli idi. Tarixin bu həssas dönəmini lazımınca cilvələndirmək üçün öz şirin canından keçə biləcək ərənlərə, fədailərə ehtiyac var idi. Məhz belə bir fədakar insan bu gündə sübh çağı doğan günəş kimi dünyaya göz açıb zülmətə bürünən aləmi nura qərq etdi. Həmin gün Əbu Talibin evində sevinc yaşandı. Sanki Allah, o evin əhlinə müjdə vermək üçün Öz evi Kəbədə "ədalət carçısı"na qucaq açdı. 

Bu mübarək mövlud münasibətilə Maide.az saytının əməkdaşları olaraq başda ağamız Həzrət İmam Zamanı (əc) olmaqla siz əziz oxucularımızı, bütün dünya şiələrini səmimi qəlbdən təbrik edir, o Həzrətə (ə) layiq şiə olmağımızı uca Allahdan diləyirik.

 

İmam Əlinin (ə) azad insanların xüsusiyyəti haqqında buyurduğu bir neçə hədisi siz əziz oxucularımıza təqdim edirik:

«Gülərüzlülük azədə insanın xislətidir.» (Ğurərul-Hikəm, hədis 467)

«Həya və iffət imanın xislətlərindəndir. Bunun ikisi də azadələrin təbiəti və yaxşı insanların xasiyyətidir.» (Ğurərul-Hikəm, hədis 3605)
«Qane olan qul, azad, tamahkar azad isə quldur.»
(Ğurərul-Hikəm, hədis 413)
«Ey insanlar! Adəmdən nə bir qul törənib, nə də bir kəniz. Bütün insanlar azaddır.» (Nəhcüs-Suadə, c.1, səh.198)
«Başqalarına qul olma, Allah-Təala səni azad yaradıb.» ( Nəhcül-Bəlağə, məktub 31) /