Neftin bahalaşma səbəbi ekspertin dilindən

Son iki gündə neftin qiymətinin 6 dollar artmasının səbəbləri məlum olub. Maide.az xəbər verir ki, bununla bağlı videoçarx vasitəsilə sosial şəbəkədə çıxış edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qiymətlərin artması ilə əslində heç bir fundamental makroiqtisadi göstəricilər dəyişməyib: “Neft bazarında baş verən dəyişikliyin iki səbəbi var. Birincisi, yanvarın 21-də Avropa Mərkəzi Bankının toplantısından sonra bankın prezidenti Mario Dragi açıqladı ki, Avropa Bankı stimullaşdırma proqramı həyata keçirir və həmin proqram bu ilin sentyabr ayında bitməli idi. Bildirildi ki, proqram bitməyəcək və vaxtı 2017- ci ilin mart ayına kimi uzadılacaq və aylıq 60 milyard avroluq təhvil-alım proqramının həcmi 80 milyard avroya qədər artırıla bilər.
 
Bu birjalara pozitiv bir siqnal oldu və likvid pulun bolluğunun yaranması ehtimalını artırdı. Ona görə də Yaponiya, Amerika, Avropa birjalarında artımlar müşahidə olundu. Buna görə də neft qiymətlərində artım oldu.
 
İkinci səbəb isə, “discount” proqramı ilə bağlıdır. Neft satan ölkələr brendi London birjasında rəsmi qiymətindən daha aşağı qiymətlərlə bazara təklif edirlər. Bəzən “discount” 7-8 faizə qədər olur. Yəni bu gün brend əgər 31 dollardısa, 25-26 dollara İraq, İran nefti bazara çıxmaq istəyir. Bildiyimiz kimi, Səudiyyə Ərəbustanı Avropaya “discount” elan etdi.
 
“Discount” elan olunmuş qiymətlərlə real qiymət arasında fərq açıldığından brendin bu gün bazar qiyməti arasında fərq yaranıb. Bunlar makroiqtisadi və fundamental heç bir göstəriciyə əsaslanmadığından yaxın həftələrdə yenidən neftin qiymətinin 30 dollardan aşağı düşməsi ehtimalı çox yüksəkdir. Çünki getdikcə İran bazara daha çox neft çıxaracaq. Eyni zamanda Çində baş verən iqtisadi yavaşlama neft istehsalını azaltdığından neftin qiymətlərinin hələ uzun zaman aşağı səviyyələrdə qalması ehtimalı yüksəkdir”.
 
Bununla yanaşı, ekspert neftin qiymətinin aşağı olmasının müsbət təsirlərindən da danışıb. O qeyd edib ki, iki il Amerikada neftin qiymətlərinin aşağı olması və benzinin qiymətlərinin düşməsinə görə, Amerika istehklakçıları 700 milyard dollara qənaət edib: “Həmin pulu vətəndaşlar başqa sahələrə xərcləməklə iqtisadiyyatın stimullaşdırılmasına xidmət ediblər. Avropa Birliyi ölkələrində isə bu rəqəm 400 milyarda dollara yaxındır. Təqribən birlikdə 1,1 trilyon dollar vəsaitə iki il ərzində qənaət olunub. Bu da çox pozitiv addımdır”.