`On iki illik təhsilə keçidlə bağlı birmənalı qərar yoxdur`

"On iki illik təhsilə keçidlə bağlı birmənalı qərar yoxdur". APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
 
Nazir bildirib ki, dünya ölkələrinin tam əksəriyyəti 12 illik və daha çox təhsil sistemini tətbiq edir: "Lakin biz bunu kor-koranə şəkildə tətbiq etməməliyik. Bununla bağlı mütəxəssislər tərəfindən işə başlanılmalıdır. Bu işin kökündə son siniflərdə ixtisaslaşmanın fəlsəfəsini ortaya qoymaq durur. İcbari fənlərin sayının son siniflərdə azaldılması qarşımıza bir məqsəd kimi qoyulub. 12 illik təhsilə keçid planını ilk növbədə Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdən başlamaq lazımdır. Yəni bu, pilot şəkildə həyata keçiriləcək”.
 
Nazirin sözlərinə görə, iki ildən sonra həmin təhsil müəssisələrində son siniflərdə ixtisaslaşma imkanını verən və beləliklə son siniflərdə icbari fənlərin sayını azaldan tədris proqramları hazırlanıb təqdim olunmalıdır: “Yəni yuxarı sinifdə oxuyan şagirdlər üçün seçim olmalıdır. Analoji şəkildə öz ixtisasını seçən və gələcəyini texniki, humanitar ixtisaslarda və ya tibb elmlərində görən şagirdlər ixtisaslaşmış proqram ilə təmin edilməlidir”.
M. Cabbarov vurğulayıb ki, 12 illik təhsilə keçid Təhsil Strategiyasında qarşıya qoyulmuş hədəfdir və bununla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, eyni zamanda müvafiq dövlət orqanları ilə birgə iş aparılacaq: “On iki illik təhsilə keçmə müddəti əvvəlcədən elan olunacaq”.