Prezident istefa verib qaçdı

Burkina Fasonun prezidenti istefa verdiyini bəyan edib

Qərbi Afrika ölkələrindən olan Burkina Faso Respublikasında oktyabrın 28-dən başlayan güclü nümayişlər öz nəticəsini verib.

ANS PRESS-in məlumatına görə, keçirilən etirazlardan sonra ölkə prezidenti Blez Compaore oktyabrın 31-də istefa verdiyini bəyan edib.

İyirmi yeddi il hakimiyyətdə olan prezidentin istefasından sonra ölkənin silahlı qüvvələrinin komandanı, diviziya generalı Onore Traore keçid dövrünə qədər dövlət başçısı səlahiyyətlərini icra edəcəyini bildirib.

Nümayişçilərin ölkənin Milli Assambleyasına və yerli televiziya qovşağına hücumları zamanı 30 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Ötən gün zorakılıqlarla əlaqədar prezident ölkədə fövqəladə vəziyyət elan etmişdi.

Xatırladaq ki, Compaore 1984-cü ildə hakimiyyətə çevrilişlə gəlib və 4 dəfə mübahisəli seçki ilə prezident olub. Hazırda onun Qana ilə sərhəddə olan Po şəhərinə getdiyi güman olunur.