Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Azərbaycan əhalisi tərəfindən də geniş istifadə olunan mail.ru elektron poçtu istifadəçilərinə xəbərdarlıq edib.
Nazirlikdən verilən məlumata görə, Rusiyanın ən böyük e-poçt xidməti Mail.ru-nun 4 mln. 664 min 478 istifadəçisinin istifadəçi adı və hesab şifrləri internetdə yayılıb.
Bu şifrlərin 95%-nin aktiv olmayan istifadəçi hesablarına aid olduğu bildirilir. Şirkət tərəfindən verilən açıqlamada isə qeyd olunur ki, hakerlər tərəfindən internetə sızdırılan bu şifrlər fərqli zamanlarda onlar tərəfindən ələ keçirilib. Oğurlanan hesabların 5%-i isə şübhə altındadır və şirkət bir gün içində bu hesablara xəbərdarlıq mesajı göndərəcəyini bildirib.
Həmçinin qısa müddət öncə 1 milyona yaxın Yandex elektron poçtunun istifadəçilərinə aid hesab şifrləri də internetdə yayımlanıb.
Bundan başqa, 4 mln. 929 min 90 Gmail və digər Google xidmətləri istifadəçilərinin hesablarının da təhlükə altında olduğu qeyd edilir. Məlumat bazasının aktuallığı tam təsdiq olunmayıb. Ancaq qeyd olunan 60% e-poçt hesabının aktiv olduğu bildirilir. Google-dan verilən məlumata görə, məsələ hazırda araşdırılır.
ETM isə öz növbəsində, e-poçt hesablarınızın şifrlərini tez bir zamanda dəyişməyinizi və kompüterlərinizdə olan antivirus proqramını işə salmanızı tövsiyə edir.