İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Bakının Binəqədi rayonunda yerləşən Qafqazın ən böyük məscidi ilə tanış olub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən Maide.az-a bildirilib ki, məscid-kompleksinin sədri, QMİ-nin sədr müavini Sabir Həsənli Möhsün Pak Ayinə məscidlə bağlı ətraflı məlumat verib. S. Həsənli bildirib ki, məscid 12 min kvadratmetr sahədə salınıb: “Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub, məscidin daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir”.
Səfir Möhsün Pak Ayin məscidə nəfis tərtibatlı Qurani-Kərim hədiyyə edib.