İran Parlamenti Qəzza xalqına dəstək bəyanatı qəbul edib

İranın İslami Şura Məclisinin bu gün keçirilən iclasında nümayəndələr Qəzzanın məzlum xalqına dəstək üçün bəyanat qəbul ediblər. Bəyanatı Parlamentin iclasda iştirak edən 210 nümayəndəsi imzalayıb.
Bəyanatda bildirlir: “Allahın ziyafət ayı olan Ramazanda qəddar sionist rejimi tərəfindən Qəzzanın məzlum xalqı o cümlədən kişilər, qadınlar və uşaqların amansızcasına öldürülməsi, məzlum Fələstin torpaqlarının qanlı və acı tarixinin həqiqətini ortaya qoyub. Təəssüf ki, bu amansızlığa bir tərəfdən ABŞ və onun Avropalı müttəfiqləri, digər tərəfdən İslam dünyası laqeydliklə yanaşır. ABŞ, İngiltərə və sionist rejimi regiondakı müttəfiqləri ilə birlikdə illərlə sərmayə yatırmaqlarına baxmayaraq, Suriyada müsbət nəticə əldə edə bilmədilər və uğursuzluğun dadını daddılar. Onlar xaincəsinə bir layihə hazırlayaraq böhranı Suriyanın qonşu müsəlman ölkəsinə, yəni İraqa yönəltdilər. Bununla da İslam dünyasında daxili qarşıdurmalar yaratmaqla müsəlmanları qəsbkar sionist rejimi ilə mübarizədən yayındırdılar. Onlar bu işləri ilə sionist rejim üçün saxta təhlükəsizlik kəməri yaratdılar ki, sionistlər daha da vəhşi yollarla məzlum Qəzza müsəlmanlarını Ramazan ayında qanlarına qəltan eləsin və mövcud vəziyyətdən öz xeyirlərinə istifadə etsin”.
 
Bəyanatda sonra, “ABŞ və sionist rejimi bilsin ki, heç şübhəsiz bu atəşin tüstüsü elə onların öz gözlərini kor edəcək və bu kimi cinayətlər həmin kukla rejimin çökməsinə səbəb olacaq. Biz Böyük İran xalqının İslami Şura Məclisindəki nümayəndələri sionistlərin vəhşiliklərini və cinayətlərini pisləyirik. BMT-nin, İslam Əməkdaşlıq Təşkilatının və Parlamentlərarası İclasın baş katiblərindən  istəyirik ki, təcili işlər görsünlər və bu amansız qətliamın qarşısını alsınlar. Qəsbkar sionist rejim başçıları ilə müharibə cinayətkarları kimi davransınlar və icazə verməsinlər insan haqları yalnız sözdə və sanksiyaların üzərində qalsın. Biz dünyanın hər bir yerində olan müsəlman xalqlarından istəyirik ki, Qüds gününü daha da əzəmətli keçirməklə, Fələstinin dözümlü xalqının məzlumluğu ilə həmrəyliklərini nümayiş etdirsinlər. Bununla tarix öz səhifələrində qəsbkar sionist rejiminin  gördüyü cinayətləri yadda saxlasın və bu  rejimə qarşı daimi nifrəti özündə əks etdirsin”, - deyə qeyd olunur.