İraq ordusu “İŞİD”ın 82 terrorçusunu məhv edib

İraq ordusu dünən yerli qəbilə döyüşçülərinin dəstəyi ilə əl-Ənbar əyalətinin ər-Rəmadi şəhəri ərazisində “İslam Dövləti” terror təşkilatının onlarla silahlısını məhv edib. Bu barədə əl-Ənbar əyalətinin baş polis idarəsi məlumat yayıb.
 
Bildirilib ki, İraq ordusunun müxtəlif bölmələri yerli qəbilə silahlılarının dəstəyi ilə ər-Rəmadinin cənubunda ət-Taş və şimalında yerləşən Bu-Əli bölgəsində iri əməliyyatlar həyata keçirib. Burada 82 terrorçunun öldürüldüyü qeyd edilir.
 
Mənbə həmçinin bəyan edib ki, İraq ordusu “İslam Dövləti” terror təşkilatı üzvlərinin cəsədlərini kütləvi şəkildə basdırıblar.
 
Bu arada ölkənin şimalında Neynəva əyalətinin mərkəzi Mosul şəhəri ərazisində də “İslam Dövləti”nə ağır zərbə endirilib. Məlumata görə dünən ABŞ pilotsuz təyyarəsi Mosulun cənub-şərqində terror təşkilatının bir mövqeyini hədəfə alıb ki, burada 4 təşkilat komandiri olmaqla 30 silahlı məhv edilib/İnterAz