Rusiyadakı azərbaycanlılar çamadan əhval-ruhiyyəsində

Bu günlərdə musavat.com-a açıqlama verən politoloq Ərəstun Oruclu Rusiyadakı azərbaycanlıların kütləvi şəkildə ölkəyə dönə biləcəyini söyləyib.
 
O qeyd edib ki, Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində bu ölkə çox ciddi iqtisadi-maliyyə böhranı ilə üzləşib. Bu üzdən Rusiya bazarlarında, müxtəlif iqtisadi sferalarda çalışan azərbaycanlıların da böyük bir qismi iş yerlərini itirir, müflis olur. Qonşu ölkədə artıq çörək qazana bilməyən həmvətənlərimizin geri dönməkdən başqa çarəsi qalmır. 
 
Politoloq deyib ki, Azərbaycan dövləti bu situasiyanı nəzərə almalı və gözlənilən axına hazırlaşmalıdır. 
 
Ekspertlər bildirir ki, yaxın aylarda Rusiyada vəziyyət həddindən artıq pisləşəcək; Həm iqtisadi böhran yaşanacaq, iş mühiti olmayacaq, həm də qonşu ölkə ərazisində qafqazlılara hücumlar başlayacaq. Bir qayda olaraq Rusiyada krizis yaşananda, işsizlik baş qaldıranda ruslar bunun səbəbini miqrantlarda görür. Bu vəziyyətlərdə “qaralara” skinhedlərin hücumları başlayır. 
 
Müşahidələrə əsaslanıb söyləmək olar ki, hazırda Rusiyaya kapital yatıran xarici iş adamlarının öz kapitallarını geri çəkməsi prosesi daha da sürətlənəcək. Çünki kütləvi sanksiyalar tətbiq olunan ölkələrdə hansısa ağıllı investor qalıb öz pullarını batırmaz. Sanksiyalar tətbiq edilməyə başlayandan indiyədək Rusiya iqtisadiyyatını 200 milyard dollara yaxın xarici investisiya tərk edib. 
 
Təbii ki, Rusiyadakı azərbaycanlıların heç də hamısı fəhlə və bazar adamları deyil; on minlərlə azərbaycanlı kiçik, orta və iri iş adamlarıdır. Ekspertlərin qənaətincə, Rusiyadakı həmvətənlərimizin də öz kapitallarını Rusiyadan çıxarmaqdan başqa yolu qalmır. Rusiya iqtisadiyyatında müşahidə olunan xaosun, çaxnaşmanın yaxın müddətdə aradan qalxacağı gözlənilmir. Digər tərəfdən, qarşıdakı müddətdə rus rublunun daha da dəyərdən düşəcəyi, bir sıra ölkələrin Rusiya pul vahidi ilə işləməyəcəyi proqnozlaşdırılır. 
 
Ekspertlər qeyd edir ki, Rusiya Federasiyasını tərk edən iş adamları öz kapitallarını müəyyən həcmdə Türkiyəyə və Mərkəzi Şərqi Avropa ölkələrinə istiqamətləndirirlər.
 
Təbii ki, azərbaycanlı sahibkarlar da bu taktikadan yararlanmağa çalışacaqlar. Çünki azərbaycanlılar Azərbaycanda bütün iqtisadi sferaların inhisarda olduğunu bildiklərindən vəsaitlərini bura yönəltməyə risk etmirlər. Əlində kapitalı olan azərbaycanlılar bu və ya digər şəkildə özlərini vəziyyətdən çıxara biləcəklər.
 
Amma Rusiya ərazisində fəhləliklə, bazarlarda çalışmaqla, hətta kiçik sahibkarlıqla pul qazanan 2 milyona yaxın azərbaycanlı çıxılmaz durumda qalacaq: onların çalışdığı şirkətlər, bazarlar bağlanacaq, işsizlik hökm sürəcək.  Onlar heç də Türkiyəyə, Mərkəzi Şərqi Avropa ölkələrinə getməyi planlaşdırmırlar. Bu durumda onların öz vətənlərinə dönməkdən başqa çıxış yolu qalmır.
 
Ekspertlər bildirirlər ki, qısa müddətdə 1 milyona qədər soydaşımız Azərbaycana dönəcək. Bu, kiçik rəqəm deyil. Maraqlısı odur ki, Azərbaycana dönən soydaşlarımız burada iş tapıb işləyə bilməyəcəklər. 
 
İqtisadçılar bildirir ki, 1 milyon soydaşımızın Rusiyadan dönməsi çox ciddi problemlər yarada bilər. Əvvəla, həmin 1 milyon vətəndaşın burada ailəsi var. Azərbaycanda həmin 1 milyon vətəndaşın hər birinin əlinə baxan, onun Rusiyadan gətirdiyi qazancla yaşayan 1 adam da var. Yəni bu o deməkdir ki, ölkəyə Rusiyadan 1 milyon azərbaycanlının qayıtması daha 1 milyon vətəndaşın - ümumilikdə 2 milyon adamın dolanışıqsız, çörəkpulusuz qalması deməkdir. Yeri gəlmişkən, orta hesabla Rusiyadakı soydaşlarımız hər il Azərbaycana 1 milyard manatdan artıq pul göndərirdilər...   
 
Ekspertlər bildirir ki, qısa müddətdə həmin 1 milyon adamı Azərbaycanda işlə təmin etmək mümkün olmayacaq. Yalnız ümidlər onadır ki, qarşıdakı illərdə regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində yeni iş yerləri yaradılsın və Rusiyadan gələn soydaşlarımız orada işlə təmin oluna bilsinlər.