SAĞLAMLIQ YOLLARI

İmam Əli (ə) buyurmuşdur:

الْعافيَةُ عَشَرَةُ اجْزاءٍ تِسْعَةٌ مِنْها فِى الصَّمْتِ الّا بِذِكْرِ اللَّهِ وَ واحِدٌ فى تَرْكِ مُجالَسَةِ السُّفَهاءِ؛

Sağlamlıq on hissədən ibarətdir ki, onun doqquzu Allah zikrini istisna etməklə sükutda, biri isə axmaqlarla yoldaşlığı tərk etməkdədir.”

(“Biharul-ənvar”, 74-cü cild, səh. 237.)

 

ŞƏRH VƏ TƏFSİR

“Fərdlərin, ailələrin, ölkələrin, bir sözlə, cəmiyyətin günah və itaətsizliyini aradan qaldırmağın yolu nədir?” – sualının cavabında deməliyik ki, bu ülvi məqsədə nail olmaq üçün iki mühüm amil lazımdır:

1. İlk öncə insanda əxlaqi və psixoloji normaları gücləndirmək, ehtirasların hücumu qarşısında sədd sayılan təqva haləti yaratmaq lazımdır. Bu halət nə qədər güclü olarsa, insanın günahdan uzaqlığı bir o qədər çox olacaqdır.

2. Günahdan xaric şəraiti də islah etmək lazımdır; nəinki hər gün azadlıq bəhanəsi ilə günah üçün yeni-yeni şərait hazırlansın! Məxsusən, günah mühitində yaşayan gənc nəsil bu iki amili diqqət mərkəzində saxlamalıdır; günah məclislərində iştirak etməməli, onları günaha rəğbətləndirən pozğun dostları ilə əlaqəni kəsməli və günahın digər zəmin və müqəddimələrindən çəkinməlidir.

Əgər İslam maarifi və hökmlərinə diqqət yetirsək, hər iki sahədə uyğun göstərişlərlə rastlaşacağıq. Allah-Taala günaha icazə vermədiyi kimi, günahkarı da cəzalandırır və hətta aşkar şəkildə günah edən şəxslərin cəzalarını neçə dəfə artırır! Qumarı haram etdiyi kimi, onun alış-verişini, qumar alətlərinin saxlanılmasını da haram etmişdir. Şərab və alkoqollu içkiləri haram etdiyi kimi, şərab zavodlarını, şərab üzümünü daşıyan nəqliyyat vasitələrini, şərab qarovulçusunu, şərab satıcısı və alıcısını da lənətləmişdir! (Bəzi rəvayətlərdə alkoqollu içkilərlə bağlı fəaliyyət göstərən on dəstə lənətlənmişdir ki, bu rəvayətlər “Vəsailüş-şiə” kitabının 12-ci cildində (“kəsb-ticarət” bölümü, 55-ci bölüm, hədis 3-5) nəql olunmuşdur.)

Bu qısa müqəddimədən bəzilərinin verdiyi əsassız cavabı aydınlaşır. Onların sözü eynilə buna bənzəyir: “Qadın azad olmalıdır, kim istəyirsə hicabına riayət etsin, kim də istəyirsə açıq-saçıq olsun! İnsanlar vacibləri yerinə yetirməkdə və haramları tərk etməkdə azad olmalı və istədiyini seçməlidir.”

Bu sözün batilliyi aydındır. Bütün ağıllı insanlar deyirlər ki, camaatı uçurumun kənarına aparıb azad buraxmaq olmaz.

İmam Əli (ə) bu hədisdə mənəvi sağlamlığı, yəni günahdan çəkinməyi on hissəyə bölür ki, onun doqquz hissəsi ilahi zikrdən başqa, sükutla bağlıdır. Çünki xəta və günahların çoxu dil vasitəsilə baş verir. Dildən otuz böyük günah çıxır. Çalışmalıyıq ki, az danışaq, az danışan insanın xətası da az olar. Odur ki, sükut böyük əhəmiyyət daşıyır və insanı təfəkkürə, mənəviyyata və daxili saflığa sövq edir. İnsan bihudə danışarkən düşüncə qabiliyyətini itirir. Əgər bu enerjini toplaya bilsə, həqiqi təfəkkürə nail olar. Bir də ki, sükut ruha aramlıq, duyğulara mötədillik bəxş edir. Çox danışmaq insanı dəyərdən salır, səhvləri artırır, həyanı azaldır və xətalara yol açan həya pərdəsi yırtıldıqda da, əyri və çirkin əməllər adiləşir.

Qeyd etməliyik ki, burada sükut heç kimlə danışmamaq, bir guşəyə çəkilib fərdi həyat tərzi keçirmək yox, əksinə qeybət, yalan, töhmət və bu kimi günahlardan qorunmaqdır. İnsan bu günahlardan çəkinməklə, sağlam əhval-ruhiyyə ilə yanaşı fəzilət də qazanmış olur. Amma danışmağın zəruri olduğu yerlərdə sükut ən böyük eyib sayılır və insanın zəifliyini, gücsüzlüyünü, Allahdan başqasından qorxusunu göstərir. Bütün bunlara rəğmən, yaxşı əməllərin mühüm bir qismi, o cümlədən, Allahı yad etmək, camaatı doğru yola yönəltmək, “əmr be məruf” (yaxşılığa dəvət) və “nəhy əz münkər” (pislikdən çəkindirmək), təlim-tərbiyə və s. dilin imkanlarındandır.

Günaha şərait yaradan amillərdən sayılan mənəvi sağlamlığın onuncu hissəsi günah məclislərini tərk etməkdir. Günah məclisində iştirak etmək və hətta günaha tamaşa etmək belə haramdır.

Bir sözlə, cəmiyyət bu kimi rəvayətlərə əməl etməklə özünü günahdan qoruya bilər!

Rza Şükürlü