«Taksim»də 1 may toqquşması: yaralananlar var

25 min polis, 64 su şırnağı və 5 helikopterlə mühafihzə olunan meydanda polislə nümayişçilər toqquşdu
Hər il olduğu kimi, bu dəfə də Türkiyədə 1 may Zəhmətkeşlərin Həmrəylik Günü ilə bağlı gərginlik yaşanıb. 
Komunist Partiyasının bir qrup üzvü girişin qadağan edildiyi «Taksim» meydanına yürüş edib. Hökumət meydanın mühafizəsi üçün 25 min polis, 64 su şırnağı, 5 helikopter ayırıb. Buna baxmayaraq, etirazçılar meydanın çox yaxın hissəsinə qədər girə biliblər. Bayraqlarla meydana daxil olan aksiyaçılar polisin müdaxiləsi ilə üzləşiblər. Bundan sonra tərəflər arasında qarşıdurma başlayıb. Nümayişçilər polis tərəfindən saxlanılaraq yaxınlıqdakı avtobuslara mindiriliblər. 
Çox keçməmiş 150 nəfərlik başqa bir etirazçı dəstə də «Taksim»ə girməyə çalışıb. Nəqliyyatın hərəkətinin iflic vəziyyətə düşdüyünü görə polis bu dəfə gözyaşardıcı qazla müdaxilə etməli olub. «Taksim»ə yaxın ara küçələrdə də etirazlar olub. «Beşiktaş» meydanının yaxınlığında etirazçılar polislərə fişəng və daş atıblar. Onların zibil qutularını çevirərək barrikada qurduğunu görən polis təzyiqli su və gözyaşardıcı qazla nümayişçiləri dağıdıb.
«Beşiktaş» meydanındakı aksiyada etirazçı gənclərdən biri bıçaqlanıb. Naməlum şəxs onu qarın nahiyəsindən bıçaqlayaraq qaçıb. Yaralanan gəncin vəziyyətinin ağır olmadığı bildirilir. O, yaxınlıqdakı insanların köməyi ilə ayağa qalxaraq ərazidən uzaqlaşıb. Bununla yanaşı, yazar Emrah Serbes də daxil olmaqla onlarla aksiyaçının polisin müdaxiləsi zamanı yaralandığı bildirilir.  /