Türkiyə iqtidarı Azərbaycandan “yerdə qalan” nurçuları istəyir

Energetika və təbii qaynaqlar naziri Taner Yıldızın son açıqlamasına görə kimlər vəzifəsini itirə bilər?..

Türkiyə iqtidarı yaxın zamanlarda Azərbaycan hakimiyyətinə yeni “nurçu” dosyesi təqdim edə bilər. Ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldızın “Gülən” hərəkatı ilə bağlı son açıqlamasında vurğuladığı məqamlar belə təəssürat yaradır.

 
Yıldız bir neçə gün öncə “Hizmət” hərəkatının 17 və 25 dekabrda AKP iqtidarına qarşı düzənlədiyi əməliyyat haqqında danışarkən “biz uduzsaydıq, onlar Bakını ələ keçirəcəkdilər” ifadəsini işlədib: “Əgər Ankaradakı, Türkiyədəki 17 dekabr əməliyyatları uğur qazansaydı, Bakı da onların əlinə keçərdi. Bakıdakı əməliyyatlar əmrsiz qaldı. Bu zəncirin halqası tamamlanmadığı üçün bakıdakılar başsız qaldılar...”
 
Taner Yıldız təmsil olunduğu iqtidarın 17 dekabr böhranından çıxmaq üçün beynəlxalq rıçaqları işə saldığını, “Hizmət” hərəkatının əsas hədəfi olan o zamankı baş bazir Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə zəng etdiyini də deyib: “Dövlət və hökumət başçıları, o sıradan hörmətli Putinlə birbaşa görüşdük. Öz mövqeyimizi açıqladıq. ”Paralel yapı"nın bizim telefonu dinlədiyi, apardıqları kəşfiyyat xidmətinin yaxınlara deyil, uzaqlara olduğu haqda qənaətlərimizi bölüşdük".
 
Yada salaq ki, “Gülən” camaatının əsas hədəfi Ərdoğanın istefasına nail olmaq idi. Ərdoğanın oğlu Bilalla “milyardlıq” telefon danışıqlarının, onun ailəsinin digər üzvlərinin korrupsiya qalmaqalı kimi təqdim edilən danışıqlarının ictimaiyyətə açıqlanmasının nəticəsində AKP kabinetini dəyişməyə məcbur olsa da, baş nazir öz postunda qala bildi. Ötən 10 ayda mövqelərini gücləndirərək prezident kürsüsünü də qazanan AKP iqtidarı “Gülən” hərəkatı ilə hesablaşmasını davam etdirməkdədir. İndi Türkiyədə yüksək vəzifəli şəxslərin övladlarının adı keçən korrupsiya faktları üzrə qaldırılan cinayət işlərinin deyil, həmin cinayət işlərini qaldıranların işləri üzrə istintaqlar gedir.
 
Taner Yıldızın bu qədər açıq və qəti danışması ortada ciddi, dəqiqləşdirilmiş informasiyaların olması ilə yanaşı, prezident Ərdoğanın bu haqda xüsusi icazəsi və istəyi olması kimi də başa düşülməlidir. Belə olmasaydı, informasiya ictimailəşdirilməzdi. Türkiyə siyasətinə bələd olanlar bilir ki, 10 avqust seçkisindən sonra Türkiyə hakimiyyətinin şəriksiz sahibinə çevrilən Ərdoğanın izni olmadan Türkiyədə obrazlı desək, “quş uçmaz”.
 
Görünür, bu məsələ prezident İlham Əliyevin yaxın zamanlarda gözlənilən Türkiyə səfərinin əsas müzakirə mövzularından olacaq. Yada salaq ki, Azərbaycanda “nurçu”ların əsas himayəçisi kimi Prezident Administrasiyasının ozamankı şöbə müdiri Elnur Aslanov və yaxın çevrəsi vurulduqdan sonra Türkiyə tərəf Bakının bu addımından o qədər də razı qalmamışdı. Ərdoğan açıq şəkildə bəyan etmişdi ki, vurulan şəxslər “Camaat”ın Azərbaycan iqtidarındakı əsas himayəçiləri deyil. Türkiyə tərəf “Gülən” hərəkatının Azərbaycandakı əsas himayəçiləri sırasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin başçısı Vasif Talıbovun, xarici işlər naziri Elmar Məmmədyarovun və digər bəzi yüksək çinli məmurların adlarını çəkir. İddia olunur ki, bu şəxslərin rəhbərlik etdiyi strukturlara son illər xeyli sayda “Hizmət” hərəkatının üzvü yerləşdirilib.
 
Əgər Türkiyə tərəfin bu iddiaları əsaslıdırsa və gerçəkdən də adı çəkilən strukturlarda “nurçu”lar hələ də qalmaqdadırsa, demək, onların əlində yüksək rütbəli məmurların kompromat dosyesi ola bilər. Çünki “Gülən” hərəkatının Türkiyədə AKP iqtidarına qarşı istifadə etdiyi “çevriliş cəhdi” yöntəmi məhz bu cür idi - yüksək rütbəli məmurlar, onların ailə üzvləri haqqında toplanan saysız-hesabsız kompromatları ictimailəşdirməklə onları istefaya məcbur etmək. Türkiyə təcrübəsi göstərir ki, “Gülən” hərəkatı hədəfinə tam çata bilməsə də ölkə içərisində AKP-nin dayaqlarına güclü zərbə vura bildi, üstəlik, öz himayəçiləri ilə rəsmi Ankara arasında ciddi bir çat yaratmağı bacardı. 17, 25 dekabrdan sonra rəsmi Ankara ABŞ-dan Fətullah Güləni dəfələrlə tələb edib. ABŞ bu tələblər qarşısında Ankaranın bağladığı cinayət işlərinin dosyesini istəyir. Bu nəticəsizliyin uzun müddət sürəcəyinə heç bir şübhə yoxdur...
 
Taner Yıldızın çıxışındakı ən mübhəm məqam Putinlə telefon danışığının mövzusudur. Yıldız faktı açıqlasa da, detallara toxunmur. Maraqlıdır, Rusiya ilə danışıqların içərisində də Azərbaycan “nurçu”ları ilə bağlı məqam olubmu? Bir dönəm yaranan olduqca yaxın münasibətlərə görə Azərbaycandakı “Hizmət”çilərin lideri Elnur Aslanovun Rusiya dövlət başçısına çıxış imkanları vardı. Sonradan bu imkanlar nisbətən daralsa da, əlaqələri tamamilə qırılmış saymaq doğru olmaz. Bu tip şəbəkələrin özəlliyi əlaqələrin heç zaman sonadək qırılmamasını tələb edir.
 
***
Taner Yıldızın açıqlamalarını “Yeni Müsavat”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, nazirin çıxışında açıq qalan xeyli suallar var: “Aydındır ki, Ərdoğan və onun komandası ”Gülən" hərəkatına qarşı faktiki savaş aparır. Bir zamanlar bir yerdə olan bu iki gücün yolları 17 dekabrdan sonra ayrılıb. “Gülən” hərəkatı açıq şəkildə AKP iqtidarını devirməyə təşəbbüs göstərdi. Bu səbəbdən Taner Yıldızın bu iddiasına haqq vermək olar. “Gülən” hərəkatı Ərdoğan iqtidarını bu zərbə ilə ciddi şəkildə zəiflətməyə nail olub. AKP iqtidarı isə Fətullah Güləni ABŞ-dan almağa çalışır. 
 
Taner Yıldızın Azərbaycanla bağlı dediklərində də son dərəcə ciddi məqamlar, önəmli mesajlar var. Ancaq mənə elə gəlir, burada bir qədər şişirtmə elementləri də mövcuddur. Heç kimə sirr deyil ki, “Gülən” hərəkatının xaricdə ən böyük şəbəkəsi Azərbaycanda idi. Ancaq o şəbəkənin Azərbaycanda dövlət çevrilişi etməyə gücü çatacağı o qədər real görünmür. Ciddi maliyyələri, hakimiyyət komandasında önəmli postlarda təmsilçiləri var idi, ancaq onlar hakimiyyəti dəyişməyə  yox, hakimiyyətdə daha çox təmsil olunub dövlətin maliyyə imkanlarını öz məqsədləri üçün istifadə eləməyə çalışırdılar. Bu mənada həmin komandanın yaxın zamanlarda hakimiyyət çevrilişinə cəhd edəcəkləri inandırıcı görünmür".
 
Elxan Şahinoğlu “Gülən” hərəkatının yaratdığı böhran günlərində baş verən Ərdoğan-Putin danışıqlarında Azərbaycan məsələsinin olmasını da az ehtimallı sayır. Onun fikrincə, Ərdoğanla Putin danışıqlarının əsas predmetinin Krımdakı “nurçu”lar olması ehtimalı daha yüksəkdir: “Putinlə danışıq məsələsinə gəlincə, Gülən hərəkatına qarşı mübarizə Türkiyə və Azərbaycanla məhdudlaşmır. Bir zamanlar Rusiyada da ”Hizmət" hərəkatı xeyli güclü idi. Sonradan Putin Rusiyadakı “Gülən” məktəblərini qapatmaq qərarı verdi. Ancaq Krımın işğalı ilə durum dəyişdi. Çünki Krımda da “Gülən” hərəkatının məktəbləri var. Telefon danışığında Ərdoğan Rusiya dövlət başçısından Krımdakı məktəblərin bağlanmasını istəyə bilərdi. Bunun qarşılığında isə Ərdoğan Putinə Türkiyənin Krım tatarları ilə məsafəli davranışını təklif edə bilərdi. Yəni bu, Putinlə Ərdoğan arasında alver predmeti ola bilərdi. 
 
Bəllidir ki, Krım tatarlarının lideri Mustafa Cəmiloğlu Türkiyədə dəstəklənir. Krımın işğalından sonra Krım türklərinin milli mücahidinə Türkiyənin ən ali dövlət mükafatı - “Şərəf ordeni” verildi. Buna baxmayaraq, rəsmi Ankara Krıma görə Kremllə münasibətləri tamamilə korlamaq istəmədiyini də ortaya qoydu. Krımın işğalı haqqında ritorika xüsusi həssaslığı ilə seçildi. Bu günlərdə Krım Tatar Məclisi toplantı keçirməyə hazırlaşır. Rəsmi Moskva Mistafa Cəmiloğlu, eləcə də Krım tatar məclisinin başqanı Rüfət Çubarovun Krıma girişinə qadağa qoyduğu üçün qurultay yeri kimi İstanbulun adı hallanır. Ərdoğanın buna imkan verəcəyi inandırıcı deyil. “Nə şiş yansın, nə kabab” prinsipi ilə hərəkət edən Türkiyə iqtidarı bu məsələdə Kremllə anlaşa bilər. Bu məqamda onu da vurğulayım ki, indi Krımda Kremlə itaət edəcək tatar cameəsi də formalaşdırılır. Putin çox maraqlıdır ki, Ankara Mustafa Cəmiloğlunun liderlik etdiyi cameə ilə deyil, məhz Kremlin nəzarətində olan qrupla işləsin, onların Türkiyədəki bütün layihələrinə yaşıl işıq yandırılsın".