Uşaq ölümləri ilə bağlı qorxunc proqnoz...

2030-cu ilə qədər 5 yaşınadək 68 milyon uşaq ölə bilər.
 
Bu barədə məlumat YUNİCEF-in 2015-ci ildən sonrakı inkişaf proqramı ilə bağlı hesabatında yer alıb.
 
Məlumatda deyilir ki, 1990-cı ildən indiyədək 5 yaşadək körpə və uşaq ölümləri 50 faiz, zəiflik və düzgün qidalanmamaq isə 40 faizədək azalıb. Ana ölümləri də 45 faiz azalıb. 2,6 milyard insan isə təmiz su ilə təchiz olunmağa başlayıb.
 
Lakin BMT mütəxəssisləri bu göstəriciləri ana və uşaq problemlərinin həllində müsbət qiymətləndirməyib.
 
Təşkilat hesab edir ki, 2015-ci ildən sonra inkişaf gündəmi dəyişəcək, mövcud vəziyyət belə davam edərsə, yeni problemlər yaranacaq: “2030-cu ilə qədər dünyada 5 yaşadək 68 milyon uşaq həyatını itirəcək, 119 milyon uşaq isə düzgün qidalanmama problemi ilə qarşılaşacaq. Yarım milyard insan tualet ehtiyacını açıq sahədə aradan qaldırmağı çalışacaq. Bu isə uşaq sağlamlığını ciddi təhlükədə qoyacaq”.
 
Hesabatda o da qeyd edilir ki, hələ də ildə 6 milyon uşaq 5 yaşına çatmadan ölür. 289 min qadın doğuş zamanı dünyasını dəyişir. 58 milyon uşaq isə məktəbə gedə bilmir.
 
Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda ana və uşaq ölümləri ildən-ilə azalır.
 
Səhiyyə Nazirliyindən "virtualaz"a verilən məlumatda deyilir ki, ötən il “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması haqqında” 2014-2020-ci illəri əhatə edən dövlət proqramı qəbul edilib. Ötən il doğum göstəricisi əhalinin hər min nəfərinə 18,3, ölüm isə 5,8 təşkil edib. Təbii artım 12,5 olub ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir: “Ötən il uşaqların 90 faizi müayinə edilib. Tibbi müayinədən keçirilmiş uşaqların 3,4 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyatına götürülüb, 5,1 faizi isə müalicə tədbirlərinə cəlb edilib. Bu ildən diridoğulmanın beynəlxalq meyarlarının tətbiqinə başlanılıb”.
 
Nazirlikdən qeyd ediblər ki, ötən il körpə ölümü göstəricisi 10,2 promilli olub. Halbuki bu rəqəm 2009-cu ildə 11,3 promilli idi. Ana ölümü əmsalı isə hər 1000 diridoğulmaya qarşı 14,5-ə bərabər olub.