Ucar sakini nazirdən internet xətti istəyir

22 avqust 2014-cü ildə Ucar rayon sakini Fərhad Məmmədov "Bizim Yol" qəzetinə müraciət edərək Ucar Telekommunikasiya Qovşağı İstehsalat Birliyindən (TQİB) şikayətçi olduğunu bildirmişdi. F.Məmmədovun sözlərinə görə, o, dəfələrlə TQİB-ə gedərək internet çəkilişi haqda müraciət edib. Ancaq uzun müddət keçməsinə baxmayaraq, müraciətinin bir nəticəsi olmayıb.  
 
Ucar sakini qovşaqdan hər dəfə bir bəhanə gətirərək, internet çəkilişindən imtina edildiyini söyləmişdi: "Telekommunikasiya qovşağına yanvar ayından müraciət etmişəm. İlk dəfə getdiyim zaman dedilər ki, mart ayında problem həllini tapacaq. Sonra mart ayında getdim, başqa bəhanə gətirdilər. Bu dəfə də dedilər ki, "internet çəkmək üçün şalbanımız yoxdur". Başa düşə bilmirəm, bu boyda qovşağın 5 şalbanı, 200 metr kabeli yoxdur internet çəkməyə?"
 
F.Məmmədov deyir ki, nazirliyin adı Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir, ancaq yüksək texnologiyanın heç bir göstəricisi Ucara gəlib çıxmayıb: "Nazirliyə həm elektron, həm də yazılı formada məktub ünvanlamışam. Ancaq məktubuma bir cavab ala bilməmişəm. İndi də Əli Abbasov cənablarından xahiş edirəm ki, yüksək texnologiya üçün yox, Ucar rayonuna bir-iki şalban yollanılması üçün köməklik göstərsin. Bəlkə onda mən internet abunəçisi ola bilərəm. Bütün millət xəbərləri internet vasitəsi ilə alır. Bir mənim internetimin olmaması dünyadan xəbərsiz olmama səbəb olur". 
 
Rabitə və Yüksək texnologiya nazirliyinin "Aztelekom" istehsalat birliyinin texniki direktoru Z.M.Vəliyev "Bizim Yol" qəzetinə yazılı şəkildə bildirdi ki, məsələ  "Aztelekom" istehsalat birliyinin Ucar rayonuna ezam olunmuş mütəxəssisləri tərəfindən Fəhad Məmmədovun iştirakı ilə yerində araşdırılıb. Məlum olub ki, Ucar rayonu, Şəhriyar küçəsi, döngə 7, ev 5-də yaşayan Fərhad Məmmədov telefon və internet çəkilişi ilə bağlı Ucar Telekommunikasiya Qovşağına rəsmi müraciət etməyib: "Fərhad Məmmədovun yaşadığı ərazi tam telefonlaşmış ərazidir. Onun evi ilə bölüşdürücü qutu arasındakı məsafə cəmi 120 metrdir. Yəni telefon çəkilişi üçün əlavə telefon dirəyinə və ya digər xətt materialına ehtiyac yoxdur. Amma magistral və bölüşdürücü kabeldə boş cütlüyün olmaması səbəbindən F.Məmmədovun mənzilinə telefon çəkilməsi texniki cəhətdən mümkün deyil".
 
"Aztelekom" İstehsalat birliyindən göndərilən məlumatda qeyd olunub ki, telefon və internet xidmətinə olan tələbatı nəzərə alaraq, "Regionlarda internetin inkişafı" layihəsi çərçivəsində həmin ərazidə şəbəkənin genişləndirilməsi nəzərdə tutulub. Artıq bu layihənin icrasına başlanılıb: "Vətəndaşın səhhəti ilə əlaqədar fiziki imkanlarının məhdudluğunu nəzərə alaraq, onun telefon və internetə olan tələbatının daha tez ödənilməsi məqsədi ilə müstəsna hal kimi alternativ avadanlıq quraşdırmaqla ən qısa müddətdə mənzilinə telefon çəkiləcəkdir".