Xaricdən sığınacaq istəyənlərin sayı 24 faiz artıb

Bu ilin birinci yarısında dünyada 330 min 700 adam inkişaf etmiş ölkələrdə sığınacaq almaq üçün müraciət edib. 2013-cü ilin birinci yarısında belə adamların sayı 226 min 300 nəfər idi.

“Media forum” saytı xəbər verir ki, bu statistikanı sentyabrın 26-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı açıqlayıb.

Açıqlamada deyilir ki, inkişaf etmiş ölkələrdə sığınacaq almaq üçün müraciət edənlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artması Suriya, İraq, Əfqanıstan, Eritreya, Ukrayna və digər yerlərdə gedən münaqişələrlə bağlıdır. Komissarlığın məruzəsində bildirilir ki, ölkəsindən qaçmağa çalışanların çoxu Almaniyaya üz tutur. 2014-cü ilin birinci yarısında sığınacaq axtaran 330 min 700 adamın 65 min 700 nəfəri bu ölkəni seçib. Almaniyada yaşamaq istəyənlərin çoxu Serbiya (həmçinin Kosovo), Eritreya və Albaniya vətəndaşlarıdır. İkinci yerdə ABŞ gəlir. İlin birinci yarısında ABŞ-dan 52 min 800 nəfər sığınacaq istəyib. Üçüncü yeri Fransa tutur: 29 min nəfər. İlk onluqda sonrakı yerlərdə İsveç, Türkiyə, İtaliya, Böyük Britaniya, Niderland, İsveçrə və Avstriya gəlir./