YAXŞILIQ QAPILARI

İmam Əli (ə) buyurmuşdur:

ثَلاثٌ مِنْ ابْوابِ الْبِرِّ: سَخاءُ النَّفْسِ، وَ طيبُ الْكَلامِ، وَ الصَّبْرُ عَلَى الْاذى؛

Üç iş yaxşılıq qapılarındandır: nəfsin səxavətliliyi, söz gözəlliyi və çətinliklər müqabilində səbir.

(“Biharul-ənvar”, 68-ci cild, səh. 89.)

 

ŞƏRH VƏ TƏFSİR

“Yaxşılıq” mənasında olan “birr” sözü geniş məna daşıyır və maddi-mənəvi, fərdi-ictimai, əxlaqi, iqtisadi və siyasi yaxşılıq və xeyirxahlıqlara aiddir. “Bəqərə” surəsinin (ayə 44) أتَأمُرُونَ النَّاسَ بِالْبِرِّ و تَنْسَوْنَ انْفُسَكُمْ (Camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?!) – ayəsi də geniş mənada hər növ yaxşılıqlara şamildir.

Dilçilərdən biri yazır: “Birr” sözü “səhra” mənasını verən “bərr” sözündən alınmışdır. Səhra geniş olduğundan, ərəblər insanın həyatını genişləndirən hər bir işə “bərr” deyirlər. “Bərr” Allahın sifətlərindən biridir. Qurani-Kərimdə buyurulur:

انَّهُ هُوَ الْبَرُّ الرَّحيمُ

“Həqiqətən, yaxşılıq edən və mehriban məhz Odur.” (“Tur” surəsi, ayə 28.)

Ümumiyyətlə, imam Əli (ə) üç işi yaxşılıq və xeyirxahlıq qapıları kimi tanıtdırır:

1. Nəfsin səxavətliliyi:

Nəfsin səxavətliliyində məqsəd odur ki, səxavət adlı əxlaqi səciyyə insanın qəlbində kök atsın və insan öz səxavətliliyindən qəlbən xoşhal olsun. Bəzən, insan səxavəti özünə yükləyir və ikrahla olsa da, savab qazanmaq məqsədilə bəxşiş edir. Bəzən də, səxavət və bəxşiş zamanı qəlbi sevinir və vücudu aramlıq tapır. Belə səxavət insanın ruhuna nüfuz edir və böyük bir məqamdır.

Unutmamalıyıq ki, Allah-Taala bəzi bəndələrinin hacət və istəklərini bəzilərinin vasitəsilə təmin edir. Təsəvvür etməməliyik ki, hər nəyimiz varsa, özümüzə məxsusdur, əksinə, bəzən biz yalnız vasitə rolunu oynayırıq. Xoş olsun Allahla möhtaclar və yoxsullar arasında vasitə olan bəndələrin halına! Allah-Taala bunu çox gözəl bir şəkildə “Hədid” surəsinin 7-ci ayəsində belə bəyan edir:

آمِنُوا بِاللَّهِ وَ رَسُولِه‏ وَ انْفِقُوا مِمَّا جَعَلَكُمْ مُسْتَخْلَفينَ فيهِ

“Allaha və Onun Peyğəmbərinə iman gətirin və sizi (özünün) canişin(i) etdiyi şeydən (mallardan Allah yolunda) xərcləyin.”

“Məsum imamların həyatında infaq və yoxsullara yardım” mövzusunun şərhi ayrıca yazı tələb edir. Onlardan bəziləri bərəkətli həyatı boyunca bir neçə dəfə bütün mallarını yoxsullar arasında bölüşdürmüşlər. “Dəhr” surəsi ilə bağlı əhvalat bu iddianın bariz nümunəsidir.

2. Söz gözəlliyi:

Söz gözəlliyi və xoşəxlaqlılıq tükənməz sərmayədir. İnsanın maddi sərmayəsi məhdud, möhtacların təvəqqe və ehtiyacı isə sonsuzdur. Aydındır ki, məhdud, sonsuza cavab verməkdə acizdir. Amma hikmətli Allah insana möhtacların sonsuz təvəqqesi müqabilində xoş dil adlı sonsuz bir sərmayə vermişdir. Odur ki, insan onlarla mülayim rəftar etməli, gözəl danışmalı və sərtlikdən uzaq olmalıdır. Əgər maddi köməkdən acizdirsə, məhəbbətini əsirgəməsin. Ədəbli iş dəlil-sübut istəməz. Sərtlik və qəddarlıqla ittihamlandığımız bir vaxtda söz gözəlliyinin əhəmiyyəti hamıya aydındır.

3. Çətinliklərə dözüm:

Dünya çətinliklər və ağrı-acılar məskənidir. Quraqlıq, qıtlıq, zəlzələ, sel, xəstəlik və bu kimi müsibətlər bu dünyanın acı hadisələridir. Gündəlik rastlaşdığımız xoşagəlməz hadisələr və acı sözlər müqabilində özümüzdən çıxmamalı və xoş sözlə qarşı tərəfə səhvini başa salmalıyıq ki, beləcə, yaxşılıq və xeyirxahlıq qapılarını açmış olaq!

Rza Şükürlü