Yeraltı keçidlərin sayı çoxalacaq

Artıq təhsil müəssisələrinin, tibb müəssisələrinin, avtobus dayanacaqlarının, idman, turizm obyektlərinin, istirahət zonalarının, böyük ticarət (istehsal və xidmət) mərkəzlərinin, habelə insanların kütləvi şəkildə toplaşdığı digər obyektlərin yanında piyada keçidlərinin olması məcburi olacaq.
 
Milli Məclis deputatlarının “Yol hərəkəti haqqında” Qanunun 9.1-ci maddəsinə qəbul etdikləri düzəlişlərin mahiyyəti bundan ibarətdir.
 
Bundan başqa, avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və yeraltı piyada keçidləri bir-birindən 400-800 metr məsafədə yerləşməlidir.
 
Yaşayış məntəqələrində digər yollarda keçidlər arasında məsafə 150-300 metr təşkil etməlidir.
 
Hərəkət hissəsi 14 metrdən çox olan və piyada axını saatda 3 min nəfərdən çox, nəqliyyat axını isə saatda 300 avtomobildən çox olan digər avtomobil yollarında da yerüstü və yeraltı keçidlər tikilməlidir.