Yod çatışmazlığı zehini zəiflədir

Normal böyümə, inkişaf, beyin və bədənin funksiyaları üçün zəruri bir element olan yod çatışmazlığı şagirdlərin məktəb həyatındakı müvəffəqiyyətə böyük təsir göstərir.
 
Maide.az xəbər verir ki, məktəblilərin kifayət qədər və balanslaşdırılmış şəkildə qidalanması çox mühümdür. Sağlam şagirdlər dərs materialını daha asan qavrayır, daha gümrah olur. Şagirdlərin öyrənmə prosesinə təsir edən ən mühüm mövzulardan biri də yod çatışmazlığıdır.
 
Aparılan araşdırmalar zamanı yod çatışmazlığının şagirdlərin təhsil göstəricilərini aşağı saldığı və intellekt səviyyəsinə təsir etdiyi məlum olub. Dünya səhiyyə qurumları yod çatışmazlığı səbəbi ilə meydana gələn xəstəliklərdən qorunmaq üçün yodlu duz istifadə etməyi tövsiyə edir.
 
Ümumdünya Səhiyyə Təşkilatından əldə edilən məlumatlara əsasən, gündəlik tələbat olan yod kifayət qədər qəbul edilmədiyi üçün 740 milyon insan yod çatışmazlığı xəstəliklərindən əziyyət çəkir. Hər il doğulan təqribən 40 milyon uşaq, analarının rasionunda kifayət qədər yod olmadığı üçün fərqli ölçülərdə əqli gerilik riski ilə üzləşir.
 
Bunun qarşısının alınması üçün, fərdlərin gündəlik yod ehtiyaclarının qarşılanması ilə bağlı problemlərin aradan qalxması üçün duzun yodla zənginləşdirilməsi istiqamətində addımlar atılmalıdır.