ZAHİD KİMDİR?

İmam Əli (ə) buyurmuşdur:

الزَّاهِدُ فِى الدُّنْيا مَنْ لَمْ يَغْلِبِ الْحَرامُ صَبْرَهُ وَ لَمْ يَشْغَلِ الْحَلالُ شُكْرَهُ؛

“Dünyada zahid o kəsdir ki, səbrinə haram hakim olmasın və halal onu Allaha şükür etməkdən qafil etməsin.”

(“Mizanul-hikmət”, fəsil 1613, hədis 7713.)

 

ŞƏRH VƏ TƏFSİR

İmam Əlinin (ə) böyük fəxrlərindən biri zahidanə həyat tərzidir. O həzrətin zahidliyi barəsində nə desək də azdır. O həzrət dünyada zahidliyin kamil nümunəsidir.

Bəzilərinin yanlış təsəvvürünə görə, ağır libaslar geyinən, cəmiyyətdən kənarlaşıb guşənişin həyat tərzi keçirən və səhralara üz tutub ibadətlə məşğul olan şəxs zahid adlanır. Bu tərifə əsasən, cəmiyyət içərisində yaşayan və ictimai işlərlə məşğul olan şəxs zahid ola bilməz. Buna görə də, İslam rəvayətlərində onun həqiqəti haqqında geniş söz açılmışdır.

Yuxarıdakı hədis də zöhdün düzgün mənasını təfsir edən hədislərdəndir və ona əsasən, zahid şəxs iki xüsusiyyətə malikdir:

1. Haramla üzləşdikdə səbirli olsun və özünü haramdan qorusun. Belə insan zahid adlanır. Haram mal, qeyri-qanuni ehtiras, haram vəzifə və sairə onun səbir və müqavimətini pozursa, ağır libaslar geyinib bir guşədə daim ibadətlə məşğul olsa da, zahid deyil! Haram işlər müqabilində müqavimət göstərən şəxs isə, zahiri dünya nemətlərindən istifadə etsə də, zahiddir.

2. Həqiqi zahidin başqa bir xüsusiyyəti isə, halal malın onu ruzi verən Allahdan qafil etməməsi və daim Ona şükür etməsidir. Belə bir insan hətta əldə etdiyi halal əmlakının məhz onun özünə aid olmadığı, əksinə başqalarının da onda haqqı və payı olduğuna diqqət yetirir. “Zariyat” surəsinin 19-cu ayəsində buyurulur:

وَفى اَمْوالِهِمْ حَقٌّ لِلسَّائِلِ وَالْمَحْرُومِ

“Onların mallarında əl açanlar və məhrumlar üçün (Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş) bir haqq var idi.”

Ayədə işlənən “haqq” ifadəsində iki nöqtə nəzərdə tutulur: 1. insanın halal əmlakı onun əlində bir əmanətdir; 2. yoxsul və möhtacların bu əmlakda haqqı var və onun həqiqi sahibi olan Allaha şükür məqsədilə başqalarına əl tutmalıdır. Demək, o kəsə həqiqi zahid deyilir ki, qazandığı halal malı onu Alladan yayındırmasın və həmişə Onun nemətlərinin şükrünü yerinə yetirsin.

İmam Əlidən (ə) “zöhd” sözünün şərhi ilə bağlı nəql olunan başqa bir hədisdə belə buyurulur:

الزُّهْدُ كُلُّهُ فى‏ كَلِمَتَيْنِ مِنَ الْقُرْآنِ، قالَ اللَّهُ تَعالى‏: “لِكَيْلا تَأْسَوْا عَلى‏ مافاتَكُمْ ...” فَمَنْ لَمْ يَأْسِ عَلَى الْماضى وَ لَمْ يَفْرَحْ بِالْآتى فَهُوَ الزَّاهِدُ؛

“Zöhd sözünün mahiyyəti Qurani-Kərimin iki cümləsində toplanmışdır: 1. əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz üçündür! (Yəni zahid dünya malına bağlanmaz.) 2. Sizə verilən şey üçün (yersiz) sevinməyin.” (“Hədid” surəsi, ayə: 23. “Mizanul-hikmət”, 4-cü cild, səh. 251, fəsil 1612, hədis 7695.)

Bu hədis, həqiqətdə, uyğun hədisin möhtəvasının təkrarıdır. Çünki nemətin əldən çıxması üçün təəssüflənən şəxs hər bir yolla onu əldə etmək üçün çalışmağa başlayır və bu zaman onun haram müqabilində müqaviməti itir. Eynilə sərxoş bir insan kimi, Allahın nemətindən qafildir və Onun nemətlərinə də şükür etmir!

Rza Şükürlü