''Ağ şəhər''ə görə köçürülənlər pullarını tələb edir

''Ağ şəhər''ə görə köçürülənlər pullarını tələb edir

-- Dövlət mənə nə pul ayırıbsa, onu istəyirəm....

Bakıda tanış mənzərə - uçurulmuş evlər. Bu dəfə söküntünün səsləri Xətai rayonundan gəlir. “Divarımı vurub dağıtdılar, iki otağımı sökdülər. Qarabağ müharibəsində döyüşüb başdan-ayağa güllə içində olan adamam. Məni belə bezdirib çıxarmaq istəyirlər evdən? Xətai Rayon İcra Hakimiyyətinin mənə qoyduğu hörmət budur?” – Əhli Həbiyev deyir.
 
Söküntü ərazisindən az aralıda “Bakı Ağ şəhər” layihəsi gerçəkləşdirilir. Plana uyğun olaraq, ətrafdakı evlər uçurulur və insanlar köçürülür. Elə Xətai rayonu Turşu küçəsi sakinləri də bu siyahıdadırlar. Seyraqub Cəbrayılova Cəbrayıl rayonundan köçkün düşüb və 1999-cu ildən bura sığınıb. Onu hər şeydən çox evləri ilə bağlı xatirələrin silinməsi incidir:
 
“Mənim burada 4-cü sinifdə oxuyan bir qızım rəhmətə gedib. Acından, susuzluqdan, kasıblıqdan. Mən heç vaxt prezidentimizə deməmişəm. Ona görə ki, çətinlikdir, çəkməliyik. Bizim də alnımıza belə yazılıb. Mən buradan heç köçmək istəmərəm, ona görə ki, qızımın xatirələri buradadır”. Keçmişlə vidalaşmağın ağırlığı, üstəgəl, köçmə qayğıları ilə yüklənmiş sakinlər mülklərinin müqabilində alacaqları kompensasiyadan da narazıdırlar.
 
İlham Əliyev: “Azərbaycanda verilən kompensasiya ən yüksək səviyyədədir. Hər kvadrat metrə görə 1500 manat vəsait ödənilir. Deyə bilərəm ki, vətəndaşlar bu kompensasiya ilə razıdırlar”. Sakinlər ölkə başçısının 2012-ci ildə etdiyi çıxışdan tez-tez sitat gətirir, evlərinin hər kvadratmetrinə görə onlara 1500 manat kompensasiya verilməli olduğunu deyirlər. Lakin Xətai Rayon İcra Hakimiyyətinin vətəndaşlara başqa təklifi var. “Bizim şəxsi əmlakımızı hesablayarkən isə evin divarlarını ölçüdən çıxarırlar. Yerdə az bir hissə qalır, onu da əsas və əlavə sahəyə bölürlər.
 
Əsas sahəyə 1000 manat, əlavə sahəyə 750 manat pul təklif edirlər. Bu isə bizim əmlakımızın tamamilə öldürülməsi deməkdir. Və deyirlər ki, kompensasiya bunun içinə daxildir, sizə əlavə kompensasiya yoxdur ” – sakin Məhəbbətova deyir.
 
Xətai Rayon İcra Hakimiyyəti deyilənlərlə razılaşmır. İcra nümayəndəsi deyir ki, söküntü komissiyası yaradılıb və o, yaşayış olan yerləri hesablayır. Layihəyə görə, həyətlərdəki yarıtikililər yaşayış yeri kimi hesaba alınmamalıdır. Sakinlərsə bildirir ki, komissiya məhz onların yaşadıqları evləri ölçərkən doğru hesablama aparmır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununda torpağın alına biləcəyi dövlət ehtiyacları müəyyən edilib. Bəhs edilən layihə bu qəbildən olsa belə, mülkiyyətin alınması üçün mülkiyyətçilərlə razılıq əldə edilməlidir, ya da məhkəmənin qərarı olmalıdır. Hər iki halda, dövlət bazar qiymətinə uyğun olaraq kompensasiya ödəmə öhdəliyini daşıyır. Turşu küçəsi sakinlərinə də deyilib ki, ərazi dövlət proqramına görə sökülür. “Bu dövlət proqramı həyata keçiriləndə bizim mülkiyyət hüquqlarımız pozulmasın. İradəmizin əksinə evlərimiz sökülməsin. Hər dəfə evdən çıxanda, axşam narahatlıqla evə qayıdırıq ki, ola bilsin bizim evlərimiz sökülmüş olsun.
 
Əvvəl bizi qazın, suyun, elektrik enerjisinin kəsilməsilə təhdid edirdilər. İndi məmurlar gəlib deyirlər buradan yol çəkiləcək, istəyirsiz qalın, istəyirsiniz çıxın, sizin evləriniz söküləcək” - sakin Elçin Əhmədov bildirir. “Dövlət mənə nə pul ayırıbsa, onu istəyirəm. Bu alverdirmi ki, bu gün gəlib 80 min manat deyirsən, sabah 100 min, sonra 115 min? Əgər dövlət pul ayırıbsa, o pulu niyə vermirsiniz bizə?” – sakin Əhli Həbiyev deyir.
 
Sakinlər deyir ki, kompensasiya əvəzinə tikilən binalardan onlara ev təklif edən yoxdur, olsa ona da razılaşardılar. “Vermirlər. Deyirlər, Ağ şəhərdə tikilən binalar ağ adamlar üçündür, siz qarasınız. Ağ şəhərə yaraşmırsınız, buradan çıxıb kənarlaşmalısınız” – sakin Taleh Cəbrayılov söyləyir. Xətai Rayon İcra Hakimiyyəti şikayətlərə belə aydınlıq gətirir: “Komissiya ona görədir ki, şikayət olanda gəlib müraciət edirlər. Komissiya da araşdırır, sakinlərlə birgə məsələnin həlli yolunu tapır”. Sakinlər isə deyir ki, Köçürülmə Komissiyasına dəfələrlə müraciət etsələr də, dəyişən heç nə olmayıb.
 
Yerli icra orqanları ilə razılığa gələ bilməyən vətəndaşlar ölkə başçısı İlham Əliyevə, Mehriban Əliyevaya məktub yazdıqlarını, Prezident Administrasiyasından Maliyyə Nazirliyinədək bir çox dövlət qurumunun qapısını döydüklərini deyirlər. Sakinlərin tək narahatlığı kompensasiyanın məbləği deyil. Köçürülmə və kompensasiya ilə bağlı onlara rəsmi bildiriş verilməməsi, evlərin fərdi ekspertiza ilə deyil, ümumi qaydada qiymətləndirilməsi də var. Qış ayları olmasına rəğmən köçmə məcburiyyəti də onları gecə-gündüz düşündürür.(meydantv)
 

Google+ WhatsApp ok.ru