Məğrur insan necə olur?

Cəlal Şəfiyev

Məğrur insan necə olur?


Bismillahir-rəhmanir-rəhim. 

 

 

 

Ey insan, səni Kərim olan Rəbbinə qarşı məğrur edən nədir?! ("İnfitar"/6) 

 

 

 

Böyük Rəbbimiz tərəfindən tərəhhüm və təəssüf dolu bir sual: 

 

 

 

Ey insan,  ey zəif məxluq, ey hər halında Allaha möhtac, ey dünyaya gəlişi və gedişi Rəbbinin əlində olan varlıq, səni o böyük Rəbbinin müqabilində nə məğrur edib? Hansı halına, hansı gücünə arxalanırsan? 

 

 

 

Məğrur insan necə olur?

 

 

 

Allah qarşısında məğrur olmaq özünü böyük görərək  saymazlıq etmək və Allahın fərmanından çıxmaq deməkdir. Səbəb nə olursa olsun, kim olursa olsun, hətta yuz illərlə ibadət edən biri olsun, bilərəkdən saymazcasına Allahın fərmanından çıxması yolverilməzdir. Bu məğrurluğun ilk nümunəsi şeytandır. İtaətsizliyinə səbəb kimi, özünün oddan, Adəm peyğəmbərin isə torpaqdan yaranmasını göstərdi. Söz budur ki, səbəbin fərqi yox idi, hətta  "Mən qara dəriliyəm, Peyğəmbər isə ağ dərilidir" desəydi; "Mən avropalıyam, Peyğəmbər isə asiyalıdır" desəydi "mən yaşlıyam  Peyğəmbər  isə cavandır" desəydi; "mən türkəm, Peyğəmbər isə ərəbdir" desəydi; ... Bu cavabların heç bir fərqi yox idi, önəmli olan onun Allahın əmrindən çıxması idi.

 

 

 

Quran peyğəmbərlərin qövmünün əyan-əşrafının məğrurluğunu misal çəkir. Onlar peyğəmbərlərə deyirdilər ki, sən də bizim kimi birisən, sənin başına kasıb-kusub yığışır,  sən zəifsən... Bu sözlərlə peyğəmbərlərə tabe olmaqdan boyun qaçırırdılar, dolayısıyla Allah qarşısında boynu yoğunluq edib, Allah müqabilində məğrur olurdular. Allah qarşısında məğrur olan digər dəstə Saleh peyğəmbərin dəvəsini öldürənlər idi. Dəvə öldürmək Allah qarşısında məğrur olmaq demək deyil. Allahın "bu dəvəni öldürmək olmaz" fərmanından sonra boynu yoğunluq edib onu öldürmək məğrurluq və itaətsizlikdir. 

 

 

 

Quranda qürurundan danışılan digər bir dəstə də sonuncu Peyğəmbərin zamanında yaşayan münafiqlərdir. Onlar özlərini bir şey zənn edib camaata deyirdilər ki, Peyğəmbərin ətrafındakılara infaq etməyin ki, Peyğəmbər onların ehtiyaclarını ödəyə bilmədikdə, onun ətrafından dağılışsınlar. Bilmirdilər ki, yer və göyün xəzinələrəninin açarı Allahın əlindədir. Münafiqlər deyirdilər ki, Mədinəyə qayıdan kimi bunları şəhərdən çıxarmaq lazımdır. Amma nəticədə Allah Ərəbistanı Peyğəmbərin ixtiyarına verdi.

 

 

 

Xülasə, istər şeytan, istərsə də peyğəmbərlərin zamanında olanlar Allah müqabilində məğrurluq etməklə özlərini xar edib ziyana uğratdılar. Axirətdə də əzaba düçar olacaqlar. Şeytan və münafiqlər hər ikisi zahirdə Allaha səcdə edirdilər. Lakin Şeytanın özünü üstün bilməsi, münafiqlərin də yersiz təəssübkeşlikləri və dünyaya bağlılıqları onları axirətə inamsız edib Allaha qarşı məğrur etdi.

 

 

 

Ruhani Cəlal Şəfiyev - Maide.Az 

 

 

Google+ WhatsApp ok.ru