İMAM ZAMANIN (Ə) QEYBƏ ÇƏKİLMƏSİNİN FƏLSƏFƏSİ

İlham Əliyev

İMAM ZAMANIN (Ə) QEYBƏ ÇƏKİLMƏSİNİN FƏLSƏFƏSİ


“İmam Zaman (ə) nə üçün qeybə çəkilmişdir və qeybdə olan imamın ümmətə xeyri nədir?” – sualını belə cavablandırmaq olar:

Əvvəla, Allah-Taala Qurani-Kərimdə övliyaları iki dəstəyə bölüb:

1. Qeybə çəkilib gözlərdən gizli olan, belə ki, hətta zamanəsinin peyğəmbəri belə onu tanımır. Bununla bağlı “Kəhf” surəsinin 65-82-ci ayələrində həzrət Musa peyğəmbərin (ə) səfər yoldaşı barədə buyurulur: “(Musa və Yuşa orada) Öz dərgahımızdan mərhəmət əta etdiymiz və Öz tərəfimizdən elm öyrətdiyimiz bəndələrimizdən birini (Xızrı) tapdılar. Musa ondan soruşdu: Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?”

2. Hazır olan, gözlər önündə yaşayıb tanınan və hamıya məlum olan. Buna Nuh, Saleh, İbrahim və s. peyğəmbər və övliyaları misal göstərmək olar. Odur ki, imam Zamanın (ə) qeybdə olması övliyalar tarixində baş vermiş yenilik deyil. Ondan əvvəlki ilahi şəxsiyyətlərin həyatında da bu kimi hadisələr baş verib. Qurani-Kərimdə adını çəkdiyimiz həzrət Xızırdan (ə) əlavə, həzrət Musanın (ə) barəsində də buyurulur ki, o həzrət 40 gün öz camaatından ayrılıb, qeybdə və gözlərdən uzaqda yaşadı: “Musa ilə otuz gecə barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: Sən camaatımın arasında mənim xəlifəm, canişim ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə” (“Əraf” surəsi, ayə 142.)

Həmçinin “Ənbiya” surəsinin 87-88-ci ayələrində Yunis peyğəmbərın (ə) camaatdan ayrılıb qeybdə yaşaması haqda belə oxuyuruq: “Balıq sahibi Yunisi də xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi guman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnından, dənizin zülmətində): “(Pərvərdigara!) səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən zalımlardan olmuşam” – deyib dua etmişdi. Biz onun duasını qəbul etdik və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk.”

Odur ki, həzrət Musa (ə) və həzrət Yunis (ə) peyğəmbər olduqları bir halda, müəyyən müddətədək öz camaatından uzaqlaşaraq qeybdə yaşamalı oldular. İmam Zamanın (ə) qeybdə olmasının səbəbinə gəldikdə isə, öncə bunu deməliyik ki, aləmdə baş vermiş bir çox hadisələrin səbəbindən agah olmamağımız və ya onları dərk edə bilməməyimiz üçün onları inkar deyil, əksinə dərketmə qabiliyyətmizin məhdud olduğunu etiraf etməliyik. İmam Zamanın (ə) qeybə çəkilməsi ilə əlaqədar nəql olan rəvayətlərə diqqətlə yanaşan hər kəsə o həzrətin qeybdə olmasının səbəbi məlumdur. Peyğəmbərin (s) Əhli-beyt (ə) barədə buyruqları və tövsiyələrinə məhəl qoymayan İslam hakimiyyətini ələ keçirmiş zəmanənin xəlifələri məsum imamları biri-digərinin ardınca qətlə yetirmişlər. Əgər imam Zaman (ə) da zuhur etsəydi, şübhəsiz, öz əcdadının sərgüzəştinə məruz qalacaqdı. Lakin bu cinayətin qarşısını alıb, bütün ümmətlərə vəd etdiyini (müstəzəflərin yer üzünün varisi olacağı, yer üzündə haqq-ədalətin bərpa olacağını) həyata keçirmək üçün Allahın hikməti bunu tələb edir ki, bəşəriyyət belə kamil insanın öz arasında qəbul edə biləcək istedadına yiyələnməyənədək onu gözlərdən gizli saxlasın. İmam Zamanın (ə) pərdə arxasında olmasına səbəb hakimlərin zülmü və camaatın belə bir şəxsiyyəti qəbul etməyə hazır olmadıqlarıdır. Aşağıdakı hədislərə diqqət yetirək:

عن زرارة قال: سمعت أبا جعفر (ع) يقول: إن للقائم غيبة قبل ظهوره, قلت: و لم؟ قال: يخاف- أو مَأ بيده الي طنه- قال زرارة: يعني القتل

Zürarə deyir: İmam Mühəmməd Baqirin (ə) belə buyurduğunu eşitdim: “Qaim (ə) zühur etməzdən əvvəl qeybə çəkiləcək. “Səbəbi nədir?” – soruşduqda, Həzrət “Qorxudan!” – deyə cavab verib, əli ilə öz qarnına işarə etdi.” Zürarə deyir: “Həzrət qətli nəzərdə tuturdu.” (“İkmalud-din”, 44-cü fəsil, “illətul-ğeybət” (qeybi səbəbi) bölümü.)

عن عبد الله بن ابي الفضل الهاشمي عن الصادق (ع): ...يا ابن الفضل انّ هذا الأمر أمر من أمر الله تعالي و سرّ من سرّ الله... و متي علمنا أنه عز و جل حكيم صدقنا بأنّ افعاله كلها حكمة و ان كان وجهها غير منكشف.

Abdullah ibn Fəzl imam Sadiqdən (ə) belə nəql edir: “...Bu iş Allahın işləri və Allahın sirlərindəndir... Hər zaman Allahın hikmət sahibi olduğunu bilsək, səbəbi bizə məlum olmasa belə, Onun bütün işlərinin hikmət üzündən olduğunu təsdiqləyəcəyik.” (“İkmalud-din”, 44-cü fəsil, “illətul-ğeybət” bölümü.)

İmam Zamanın (ə) qeybdə olmasının faydasına gəlincə isə, bununla bağlı bir neçə mətləbi oxucuların nəzərinə çatdırırıq:

1. Qeyb müddətində imam Zamanın (ə) faydasından agah olmamaq faydanın olmamasına dəlalət etməz. Bu, əslində, bir həqiqətdən agah olmamağı həmin həqiqətin olmaması kimi qələmə verməkdir. Bu da savadsızlıq və yaxud kəmsavadlığın nəticəsindəndir.

2. Qeybə çəkilməyin tələbi vücudunun isdifadəsiz olması deyil. Mümkündür, bir şəxs gözlərdən uzaq olduğu halda, onun vücudu faydalı və səmərəli olsun. Həzrət Musanın (ə) səfər yoldaşı gözlərdən uzaq idi, amma kasıbların qayıqlarını dələrək zalım hakimin əlinə düşməkdən xilas etdi. Həmçinin iki yetimin xəzinəsini qoruyub-saxlamaq üçün köhnə divarı söküb yenidən tikdi. Odur ki, imam Zamanın (ə) da qeybdə olduğu müddətdə belə müdaxilələr etməsi mümkün bir haldır. Bəzi rəvayətlərdə nəql olunur ki, o həzrət hər il həcc mövsümündə iştirak edir və Allah-Taala onun mübarək əli ilə insanların hacətlərini rəva edir.

3. İmam Zamanın (ə) ümumcamaatın gözündən qaib olması şübhəsiz olsa da, ümmətin ən saleh insanlarının gözündən qaib deyil. Rəvayətlərdə də bu məsələ öz əksini tapmışdır.

4. İmam Zamana (ə) camaatın gündəlik işlərinə birbaşa müdaxiləsi vacib deyil. Bu işlər üçün kiçik qeyb dövründə dörd nəfər nümayəndəsi olub: 1. Şeyx Əbu Əmr Osman ibn Səid əl-Əmuri; 2. Onun oğlu Şeyx Əbu Cəfər Məhəmməd ibn Osman; 3. Şeyx Əbqlqasim Hüseyn ibn Ruh Nobəxti; 4. Şeyx Əbülhəsən Əli ibn Məhəmməd Səmuri.

Böyük qeyb dövründə isə günün ədalətli alimləri, fəqihləri, yəni İslam dininin bütün hökümlərindən tam agah olanlar o həzrətin naibidirlər. Həzrət öz mübarək dəst-xəttilə yazdığı rəvayətdə buyurur:

و أمّا الحوادث الواقعة فارجعوا فيها الي رواة حديثنا فإنّهم حجتي عليكم و أنا حجة الله عليهم.

“Gələcəkdə baş verəcək hadisələr zamanı (ilahi vəzifələri əldə etmək üçün) bizim hədislərimizi nəql edənlərə (fəqihlərə) müraciət edin. Çünki onlar mənim sizlərə höccətim, mən də onların üzərində Allahın höccətiyəm...” (“İkmalud-din”, 3-cü cild, 45-ci fəsil, səh. 484.) Bu hədisin sonunda Həzrət qeybdə olduğu müddətdə insanlara verə biləcəyi fayda ilə bağlı sualı belə cavablandırır:

و أمّا وجه الانتفاع بي في غيبتي فكالانتفاع بالشمس إذا غیبتها عن الابصار السحاب

“İnsanlar bulud arxasında olan günəşdən istifadə etdikləri kimi, məndən də istifadə edirlər.”

İmamın (ə) qeybinin buludlar arxasındakı gizli günəşə bənzədilməsində bir çox gizli nöqtələr yatır. Bu nöqtələrdən bir neçəsini diqqətinizə çatdırırıq:

Günəş öz sisteminin mərkəzidir. Digər planetlər və kürələr onun ətrafında fırlanır. İmam Zaman (ə) da günəş kimi varlıq aləminin mərkəzi sayılır. “Ədilə” duasında deyilir:

بِِبَقائِه بَقِيتِ الدّنيا و بِيمنه رُزِق الوَرى و بِوُجُودِهِ ثَبَتَتِ الأرضُ وَ السَّماء

“Dünya onun vasitəsilə durur, onun varlığı sayəsində aləmə ruzi verilir, yer və səma həyatına davam edir.”

Günəş bir an belə işığını əsirgəmir. Hər kəs günəşlə əlaqəsi qədər ondan faydalanır. İmam Zaman (ə) da Allah tərəfindən maddi və mənəvi nemətlərin insanlara çatdırılmasında vasitədir. Lakin hər kəs kamallar qaynağı olan Mehdi (ə) ilə əlaqəsi qədərincə ondan faydalana bilir.

Əgər buludlar arxasında günəş olmazsa, şiddətli soyuq və qaranlıq bütün dünyanı örtər və həyatı qeyri-mümkün hala çevirər. Eyni zamanda, əgər aləm imamın varlığından məhrum olarsa (qeyb pərdəsi arxasında olsa da), çətinliklər, çirkinliklər və müxtəlif bəlalar həyatı mümkünsüz edər.

İmam Mehdi (ə) Şeyx Müfidə yazdığı məktubunda şiələrə xitabən buyurmuşdur: “Biz, heç bir zaman sizi özbaşınıza buraxmarıq və unutmarıq. Əgər bizim lütfü-nəzərimiz olmasaydısözsüz, bir çox bəla və çətinliklə qarşılaşar və düşmənlər sizi məhv edərdilər.” (“Əl-ehticac”, c.2, s.598.)

Demək, İmamın günəş kimi vücudu aləmə işıq saçır və feyzini çatdırır.

Google+ WhatsApp ok.ru